Yeni elmi araşdırmalar iqlim dəyişikliyinin gələcəkdə bitki aləmi üçün ciddi təhlükə yaradacağını ortaya qoyub.
“Qafqazinfo” xəbər verir ki, ABŞ və Böyük Britaniyada aparılan tədqiqatlara görə, qlobal temperaturun artması nəticəsində on minlərlə bitki növü 2100-cü ilə qədər məhv olmaq riski ilə üz-üzə qala bilər.
Alimlər bu dəfə iqlim dəyişikliyinin təsirlərini heyvanlar deyil, bitkilər üzərindən araşdırıblar. ABŞ-də aparılan araşdırmada tədqiqatçılar kompüter modelləşdirməsi vasitəsilə müxtəlif iqlim ssenarilərini analiz edərək, gələcəkdə dünyadakı bitki növlərinin təxminən 18 faizinə təsir göstərə biləcək nəticələri qiymətləndiriblər.
Araşdırmaya əsasən, dünya üzrə bitki növlərinin 7-16 faizi temperaturun yüksəlməsi, yağıntı və qar balansının pozulması səbəbindən yaşayış mühitinin ən azı 90 faizini itirə bilər. Tədqiqatçılar xüsusilə Arktika, Aralıq dənizi bölgəsi və Avstraliya ərazisində vəziyyətin daha kritik olduğunu bildiriblər.
Araşdırma müəlliflərindən Xiaoli Donq qeyd edib ki, orta səviyyəli karbon emissiyası ssenarisində belə təxminən 35-50 min bitki növü yoxolma təhlükəsi ilə qarşılaşa bilər. Karbon çirklənməsinin artması isə bu rəqəmin daha da yüksəlməsinə səbəb ola bilər.
Böyük Britaniya alimlərinin apardığı digər araşdırmada isə 335 mindən çox çiçəkli bitki növü üzərində nəsli kəsilmə riski qiymətləndirilib. Nəticələr göstərib ki, təxminən 10 min çiçəkli bitki növü ciddi təhlükə altındadır.
Hər iki araşdırmanın nəticələri nüfuzlu “Science” jurnalında dərc olunub.
Son xəbərlər
Son Xəbərlər