Mirvari Qəhrəmanlının iddiasına Neftçilər Xəstəxanasından - Cavab

mirvari-qehremanlinin-iddiasina-neftciler-xestexanasindan
Oxunma sayı: 1476

Bir neçə gün əvvəl “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı tənəffüs yolunda qəfil problem yaranan qızı S.Rəhmanovaya Mərkəzi Neftçilər Xəstəxanasında yardım edilməməsi, biganə yanaşılması ilə bağlı məlumat paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, hadisə yanvarın 16-sı saat təxminən 17 radələrində baş verib. O iddia edib ki, təcili xəstəxanaya müraciət etsə də, bir saat ərzində onlara heç kim yaxınlaşmayıb: “Qızım nahar edərkən yediyi balığın sümüyü qəflətən boğazına getdi. Bu da bərk ağrı, yanğı verdi və tənəffüsü çətinləşməyə başladı. Onu Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsinə apardım. Orada bir saata yaxın ağrıdan, həyəcandan qıvrılan qızıma heç kim yaxınlaşmadı. Qeydiyyatda oturan xanımlara dəfələrlə yaxınlaşdım, bir xeyri olmadı. Bir dəfə dodaqucu dedilər ki, liftin yanındakı ağ düyməni bas. Çaldığım zəngə də cavab verən olmadı...”

Sadalanan şikayətlərlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına ünvanladığımız sorğuya cavab olaraq bildirildi: “Qeyd edilən iddialarla bağlı bildiririk ki, sözügedən şəxs 16.01.2026-cı il tarixində saat 17:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib və 17:40 radələrində növbətçi həkimin məsləhəti ilə yaxınlıqda yerləşən tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, həmin şəxs şöbədə ümumilikdə 10-11 dəqiqə olub. Öz ayaqları üstündə gəlib, qeydiyyat masasında özünü şəxsən təqdim edib, huşu aydın olub və eyni vəziyyətdə xəstəxananı tərk edib. Bu müddət ərzində pasiyent triaj otağına yönləndirilib və aidiyyəti üzrə həkimə məlumat verilib”.

Xəstəxanadan həmçinin bildirilib ki, həmin saatlarda qulaq-burun-boğaz ixtisası üzrə həkimlər işdə olmur və zəruri olduqda evdən çağırılır: “Pasiyentdə nəfəs darlığı və ya digər kəskin hal olmayıb, özünün bildirdiyinə görə qida borusunda sümük qalıb. Həmin vaxtda həkimlər şöbədə mövcud olan 5 pasiyentə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində gətirilmiş ağır vəziyyətdə olan xəstələrə tibbi yardım göstərib. Bütün hadisələrin videogörüntüləri mövcuddur.

Xəstəxanada qulaq-burun-boğaz ixtisası üzrə həkimlərin iş qrafiki 09:00-15:30 olduğundan iş saatlarından sonra yalnız zəruri hallarda evdən dəvət olunurlar. Həkimin evdən çağırılmasının vaxt itkisinə səbəb ola biləcəyi nəzərə alınaraq, həkim tərəfindən pasiyentin yaxınlıqda yerləşən və 24 saat aidiyyəti üzrə növbətçi həkimi olan tibb müəssisəsinə müraciət etməsi məqsədəuyğun hesab edilib.

Bu proseslər və videogörüntülər xəstəxana rəhbərliyi tərəfindən araşdırılaraq pasiyent yaxınları ilə də əlaqə saxlanılıb”.

Gülnar Əliyeva