Mübariz İbrahimov doğum günündə anıldı - Video

mubariz-ibrahimov-dogum-gununde-anildi
Oxunma sayı: 1811

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar.

M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.
Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub. Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər.

Xəbəri rus dilində oxuyun: Урну для голосования доставили в дом матери шехида - ФОТО

Qeyd edək ki, M.İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində doğulub. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir M. İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.