“Müharibə ilə bağlı filmlərin çəkilişinə vergi güzəştləri tətbiq olunsun” - Deputatdan təklif

muharibe-ile-bagli-filmlerin-cekilisine-vergi-guzestleri-tetbiq-olunsun
Oxunma sayı: 1248

“Həm Birinci, həm də İkinci Qarabağ savaşı ərzində xalqımızın nümayiş etdirdiyi onlarla qəhrəmanlıq və şücaət nümunələri var. Ancaq təəssüf ki, olduqca az sayda istisnaları çıxmaq şərti ilə bu mövzuda milli kinomatoqrafiyamızın fəaliyyəti nəzərə çarpmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyev qeyd edib ki, kino kifayət qədər ciddi təbliğat vasitəsidir:

“Erməni lobbisi və diasporu imkan və əlaqələrindən istifadə edərək Azərbaycana və qardaş Türkiyəyə münasibətdə qərəzli, tariximizi və irsinizi mənimsə cəhdi kimi qiymətləndiriləcək bədii və sənədli filmlərin çəkilişinə nail olur. Bizdə isə bu istiqamətdəki passivlik təəssüf doğurur”.

Parlamentari maliyyə sərfiyyatını optimallaşdırmaq məqsədilə bu məzmunlu filmlərin çəkilişinə vergi güzəştlərinin tətbiqini təklif edib:

“Son 30 ildə baş verən proseslərlə bağlı gözəl film çəkmək olar. Bunun üçün də vəsait lazımdır. Müharibə ilə bağlı sənədli filmlər var, amma təəssüflər olsun ki, bununla bağlı bir dənə olsun bədii film yoxdur. Hesab edirəm filmlərin çəkilməsi ilə bağlı vergi güzəştləri tətbiq etmək olar”.

Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa isə bildirib ki, məsələ ilə bağlı yaxın günlərdə dinləmələr təşkil olunacaq və kino sənətçiləri ilə məsləhətləşmələr aparılacaq.