Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması məsələsinə aydınlıq gətirib.
“Qafqazinfo”nun məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Nardaran qəsəbəsində daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri aparılmayıb:
“Qəsəbədə kriminogen duruma tam nəzarət olunur. Sadəcə, Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”.
Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində “Müsəlman birliyi” adı altında qanunsuz fəaliyyət göstərən təşkilatın rəhbəri T.Bağırov və qurumun 13 üzvü saxlanılıb. Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər həlak olub.
Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılıb və saxlanılan 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər