Natəvan Fransanın gününə ağlayır...

natevan-fransanin-gunune-aglayir
Oxunma sayı: 2847

Bizi illərdir geri çəkən amil təkcə erməni təcavüzü deyildi. Həm də erməni ilə düşmənliyin bir mexanizm kimi bizi kiçiltməyə işlədiyini görürdük. Çünki danılmaz reallıqlardan biri də budur: Düşmənin səni özünə oxşatmağa çalışır.

Hər gün bir məkrlə rastlaşdıqca ona qarşı mübarizə aparmağa çalışır, hiylələri deşifrə etmək üçün hiyləgər olmağa məcbur qalırsan.

Həmişə deyirdik: könül istərdi ki, düşmənin olmasın, olsa da eləsi olsun ki, bir gün ona oxşamağa başlayanda cılızlaşmayasan.

Azərbaycan ərazi bütövlüyünü bərpa edən kimi üzə çıxan acı reallıqlardan biri də gözümüzdə böyütdüklərimizlə bağlı baş verdi. Sən demə, bu, bizim gözlərimizin gözəlliyi idi. Hər şeyi yaxşı görmək, yaxşı olmasını istəmək...

Reallıq isə başqa imiş.

Şuşada Natəvanın büstünü gülləylə dəlmə-deşik edən qansızla, Evian le Bendə onun büstünə qan qırmızısı boya tökən fransızın fərqi böyük deyilmiş.

Özünü dünyanın mədəniyyət paytaxtı elan edən Fransa siyasi kontekstəki bacarıqsızlığının əvəzini mədəniyyət abidəsini təhqir etdirməklə çıxırsa, demək, Qərb əslində günbatan yox, günbatırandır. Bir ölkədə işğının, sabahın təminatı olan mədəniyyət təhqir olunursa, bir şairə məxsus bəyaz abidənin üzünə qırmızı boya tökülürsə, biz həmin ölkənin böyüklüyünə necə inanaq? Böyük olub böyüklüyü olmayan, əslində düşmənçilikdə, Ermənistandan dala qalmayan, hətta bir az da önə gedən Fransa bizi baş verənlərə fransız qoymaqda davam edir.

“Kafir” sözünün mənası “örtən”dir. Yəni kafir həqiqətin üstünü örtənə deyirlər. 2020-ci ilin sentyabrında Fransanın “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturası nəşr olunanda Makron xüsusi qabiliyyətlə üstünü “dekoratiya pərdəsi” ilə örtdü və dedi:

“Juranlı mühakimə etmək prezidentin işi deyil”.

Bu hadisənin ardınca Türkiyənin məşhur müstəmləkəçi ölkə olan Fransanın istəyinə uyğun davranmaması Monpelye, Tuluza şəhərlərində Məhəmməd Peyğəmbərə aid olduğu iddia edilən karikatura jalüzlərinin endirilməsilə cavablandırıldı.

Belə zamanlarda “demokratiya, söz, fikir azadlığı” bəhanəsilə Fransa dünya qarşısında “təmiz” olur. Heç kəs nə jurnala, nə onun müəllifinə, nə də həmin ölkəyə etiraz edə bilməz. Çünki onların bu günə qədər söykəndiyi dəyərlər həmin karikaturaların çəkilməsini təhqir saymır.

Bunun qarşılığı olaraq Ərdoğan Fransa prezidentinin müalicəyə ehtiyacı olduğunu demişdi. Makron da bu məsləhətdən qəzəblənərək ölkəsinin Türkiyədəki səfirini geri çağırmışdı. Bax, bu yerdə artıq onların az əvvəl qeyd olunan dəyərlərə nə qədər sadiq olduğu aydın görünür. Hər gün bir milyard adamın izzətlə salamladığı, rəsulu olduğu yolda 1300 ildir milyardlarla bəşər övladının yürüdüyü bir şəxsiyyəti eybəcər şəkildə təqdim etmək heç kəsi qıcıqlandırmalı deyil, amma beş gündür bir ölkəyə rəhbər olan Makronu həkimə məsləhət bilmək yolverilməzdir.

Görünən odur ki, Qərbin Şərqlə bağlı ssenarisi köhnəlib, onlar artıq laxlayan dəyirmi masalarının qıçlarının altına əsginas qoymaqla işin düzəlmədiyini görürlər. Əvvəlcə Şərqin müqəddəsi – dini təhqir etdilər, davamında da keçdilər öz müqəddəslərinə - öpüb gözlərinin üstündə gəzdirdikləri mədəniyyətə, abidəyə.

Fransanın son illər bütün uğursuzluqlarını məhəllə davası, uşaq cığallığı müstəvisində ört-basdır etməyə çalışacağını, Hüqonun, Dümanın vətənində bir gün mədəniyyət abidəsinin təhqir olunacağını düşünmək bir azərbaycanlının saf qəlbində heç zaman yer tapa bilməzdi.

Hansı ki, həmin qəlbdən elə məşhur fransız yazıçı Düma illər əvvəl “Qafqaz səfəri” kitabında yazmışdı.

Dümanın həmin kitabda erməni və azərbaycanlılar haqqında qeydləri də nədənsə bugünkü fransız hakimiyyətinin yadına düşmür.

“Qafqaz səfəri” kitabından sitat:

“Ermənilər əmin olublar ki, doğru söz deməyin sonu ölümə gətirib çıxarır, nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevriliblər. Dünən onlara kömək, həyan olan bir insan bu gün gözdən, etibardan düşəndə ona kömək etməkdən qorxublar. Boyunlarının vurulacağından qorxub nankora çevriliblər”.

Düma azərbaycanlıların xarakterindən söz açarkən isə deyir:

“Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indi də döyüşkən olaraq qalır. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə, ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı!”

Həmin kitab Fransada 1859-cu ildə nəşr olunub. Dünya şöhrətli yazıçının ağız dolusu söz açdığı rus yazıçı, ondan 20 il əvvəl Qafqazda 5 illik əsirlik həyatı yaşamış Marlinski Azərbaycan dili haqqında dostuna yazırdı:

“Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar”.

Dümanın da öz kitabına saldığı bu qeydlərdən açıq görünür ki, bir zamanlar Azərbaycan dili, Şərqin fransız dili olub.

Lermantov də qeydlərinin birində eynilə Bestujev-Marlinsk kimi dilimizi fransız dili müqayisə edir və Azərbaycan dilinin Asiyanı gəzmək üçün önəmli dil olduğunu deyir.

Diqqətçəkən məsələlərdən biri budur ki, hər iki misalda fransız dili Qərbin açarı, Azərbaycan dili isə Şərqin açarı kimi göstərilir.

Həmin kitabda haqqımızda Qərbdə formalaşdırılan və bu gün də bəzi qüvvələr tərəfindən atılan böhtan da deşifrə olunur:

“Parislililərin hər hansı bəy haqqında təsəvvürləri belədir: Qaba, bir və ya iki qoyun dərisindən kürk və ya arxalıq geymiş, başında motal papaq, anlaşılmaz və boğaz səsləri ilə danışan, siyasətimiz, ədəbiyyatımız və mədəniyyətimiz haqqında anlayışı olmayan, təpədən dırnağa qılınc, xəncər və tapança ilə silahlananmış bir adam. Qətiyyən belə deyilmiş!”

Yazıçı Xasay xan Usmiyevin timsalında fransızca səlis danışan və yazan azərbaycanlı bəylə tanış olur və onun Peterburqda digər bir fransız yazıçı Xavye Marmye ilə dostluq etdiyini öyrənir.

Həmin Xasay Usmiyev ki, Düma onunla tanış olanda yanında həyat yoldaşı, Qarabağ xanı Hüseynqulu xanın qızı Xurşidbanu Natəvan da var idi. Düma ərkanla söz açdığı həmin görüşün girişində qeyd edir ki, mənə dedilər ki, burada səni görmək istəyən iki xanım var.

Bəli, həmin vaxt Xurşidbanu hələ Natəvan deyildi. Bir az da təvazökarlıq edərək öz şeirlərindən, şairliyindən Dümaya heçnə deməmişdi. Ancaq onu görmək istəyindən bəllidir ki, Xurşidbanu fransız yazıçı haqqında məlumatlıdır və bir kişi ədəbiyyat adamı ilə görüşəcək qədər açıq fikirlidir.

Həmin vaxt – XIX əsrdə, Qafqaza hər kəsin qan çanağı kimi baxdığı bir dönəmdə Dümanı Azərbaycanda hər kəs gözünün üstündə tuturdu, Natəvan ədəbiyyat sorağında idi, Dümayla görüşmək istəyirdi, xan xanımı olan anası ilə birgə görüşə gəlmişdi. İndi isə XXI əsrdir, dünyanın düz vaxtı özünü mədəniyyət keşikçisi kimi təqdim edən Fransa Natəvanın abidəsinə əvvəlcə kafirlik edir, yəni üstünü örtür, sonra da “qan ağladır”.

Əslində bugünkü Fransaya elə Natəvanın təhqir olunmuş abidəsi yaraşır, Natəvan Fransanın gününə ağlayır...

1921-1946-cı illərdə Fransaya köçmüş yüzmin erməni Dümanın vətənini də “özününküləşdirməyi bacarıb”. Dümanın dünyanın bir çox ölkələrində nəşr olunan kitabı, bu kitabda Azərbaycan haqqındakı həqiqətlər heç bir hakim fransızı düşündürmür.

Bəli, üstüörtülü məsələlərin ömrü uzun olmur. Azərbaycan Qarabağda həqiqəti üzə çıxaran kimi, dünyanın hər yerində maskalar töküldü, həqiqi simalar göründü. Bu parlayan həqiqətlər fonunda kimin daha böyük olduğu aydın göründü. Bizim üçün Dümanın, Natəvanın, sadə fransız xalqının abidəsi sarsılmazdır. Makronlar isə böyük tarixi reallıqda mikronlar qədər kiçik obrazlardır.

O üzdən yazımı fransız Dümanın da sevə-sevə söz açdığı Marlinskinin cümləsi ilə bitirirəm:

“Qafqaza dinclik verin və Yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: O, buradadır!”

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün