“Naxçıvan Bank”ın yeni sahibləri bilindi

naxcivan-bankin-yeni-sahibleri-bilindi
Oxunma sayı: 15215

Ölkədə yeganə regional bank olan “Naxçıvan Bank” ASC-nin Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi olaraq bilinsə də, bank qanunvericiliyin müvafiq maddəsini pozaraq mülkiyyətçilərini gizli saxlayırdı.

“Qafqazinfo” xəbər verir ki, bankın 2022-ci il üzrə hesabatında onun səhmdarları açıqlanıb.

Məlum olub ki, 31 dekabr 2022 və 2021-ci illər tarixinə bankın səhmləri Talıbovlar ailəsindən 4 nəfərə aid olub.

Hesabata əsasən bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66 %,  Seymur Talıbovun 20,48 %, qızı Talıbova Baharxanım 9,82 %, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04 % səhmi olub. 

Hesabatda, həmçinin göstərilir ki, artıq 2023-cü ilin fevralın 1-dən Talıbovlar ailəsi bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər. 

Bankın səhmlərinin yeni mülkiyyətçiləri isə Hüseyn Məmmədov Yaşar oğlu (63,66 %), Rüfət Məmmədov Əhədağa oğlu (26,52 %) və Binnət Novruzov Yasin oğludur (9,82 %).

 

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Bankın ölkədə 7 filialı və 1 şöbəsi fəaliyyət göstərir.