Qurban bayramı ilə əlaqədar Bakının 5 rayonunda yarmarkaların fəaliyyət göstərdiyini dedilər.
“Qafqazinfo” xəbər verir ki, "Bizim Yol"qəzetinin əməkdaşı reportaj hazırlamaq üçün bayram günləri yarmarka "axtarışı"na çıxıb. Deyəsən cəmi bir gün yarmarka olmuşdu, ikinci günü "axtarışlarım" nəticə vermədi, Xətai rayonunda yarmarkadan əsər-əlamət yox idi. Bu rayon üçün iki ünvan deyilmişdisə də, qurbanlığın kütləvi halda ticarətini görmədim. Həzi Aslanov metrosundan Ukrayna dairəsinə qədər soruşa-soruşa getdim. Biri "orda bir az qoyun gördüm", dedi, o biri "qabaqda vardı, ora baxın", deyə tövsiyə etdi, üçüncü də yarmarkadan xəbərsiz olduğunu söylədi. Axır ki, burnuma qəribə qoxular gəlməyə başladı və bu, yaxında hökm sürən antisanitariyaya işarə idi.
Qarşıma çıxan ilk "yarmarka" bir fermerə məxsusdu, uzaqdan vuran qoxu isə daha çox diri heyvanların yox, kəsilənlərin qalıqlarına məxsus idi. Ətraf natəmizlikdi, yaxınlaşmaq mümkün olmadığından satıcı ilə uzaqdan əl işarələri ilə ünsiyyət yaratmağa çalışdım. Vəziyyəti bildiyi üçün özü yaxın gəldi, neçə kiloluq lazım olduğunu soruşdu, 10 kilo civarında ən yüngül heyvanı göstərməsini istədim. Dedi yalnız biri qalıb. Tutub gətirdilər, ayaq üstə güclə dururdu, heç əti-qanı da yoxdu. Dedi "4-5 aylıqdı". Dərhal da quzunu kəsməyə təşəbbüs göstərdi, tez əl-ayağa düşdüm ki, birdən yazığı həqiqətən kəsərlər, dedim "hələ almırıq, əvvəlcə baxmalıyam". Dedi: "Əti 10 kilo olar, 80 manat verib götürün. Tərəzimiz var, istəyirsiniz çəkək, diri çəkisi 20 kilo gəlsə, deməli onun 10 kilo əti var". Beləliklə,öyrəndim ki, diri heyvanın təmiz çəkisi yarı-yarıya hesablanırmış. Quzunun əl-ayağını bağlayıb tərəzinin üstünə qoydular. Xeyli müqavimət göstərdi, axır təslim oldu.
Bu arada mən də sahibkarla söhbət edirdim. Qoyunları Beyləqandan gətirdiyini bildirdi. Hafiz fermer olduğunu desə də, spekulyanta daha çox bənzəyirdi, mənə elə gəldi ki, həmin heyvanları saxlayıb, böyüdən biri yox, hansısa kəndlidən alıb satandır. Soruşdum, niyə yarmarkadan ayrı durmusuz, dedi "biz sahibkarıq, bu sırada olanların hamısı şəxsidir, yarmarkanın harada olduğunu bilmirəm". Satışla maraqlandım, münasibəti "belə də" oldu. Bayramın ikinci günü bitirdi, qurbanlığın yarısını satmışdılar. Dedi ki, bu həm də onların son günüdür, qoyunları qaytarıb aparacaqlar, artıq alan yoxdur. Satıcı alıcılıq qabiliyyətinin aşağı olduğundan şikayətləndi. Dediyinə görə, keçən il ətin qiyməti bundan baha olsa da, daha çox heyvan satıblar. 120 qoyun gətiribmiş, 58-i qalmışdı. Üstünə qoyulduğu tara ilə birgə qoç 21 kilo gəldi. Yanımdakı xanım vizual "qiymətləndirmə" apardı, 10 kilo təmiz çəkisi olan qoyuna oxşatmadı, çox kiçik olduğunu söylədi. Hafiz dedi ki, "aparın, əgər təmiz çəki dediyimdən az olsa sizdən geri götürəcəm". Digərlərinin qiyməti ilə maraqlandım, 200 manata qədərdi. Guya onların da 25 kiloya yaxın əti varmış. Dedi ki, "kilosu 8 manatdan düşür, bazarda isə 10-11 manata verilir". Gürcüstanın heyvanlarını tərifləmədi, onların ətinin şit, dadının da bizə yad olduğunu söylədi: "Bizdəki Qaradolaq sortudur, xırdabuynuzlunun ən yaxşı növü sayılır. 1 yaşında olanların 40-50 kilo əti olur". Mənə təklif etdiyi quzu 5 aylıqdı, bu da onun qurban olması üçün uyğun yaş deyildi. İradımı bildirdim, qəssab kəkələdi, "5 aylığını dadına görə kəsmək olar", dedi.
Qurban kəsmək bizim düşündüyümüz kimi kabab yemək mərasimi deyil, qurbanlıq üçün şərtlər var: qurbanlıq heyvan halal pul ilə alınmalı; şəriətin göstərdiyi heyvan cinsindən olmalı (yəni dəvə, öküz, keçi, qoç və ya qoyun qurban seçilir, xoruz, dovşan və s. yox); kəsilən heyvanın yaşı nəzərə alınmalıdır: dəvə 5 illik, öküz 2 illik, keçi 1 illik, qoç və ya qoyun 6 aylıq olmalıdır. Bəzi mənbələrdə bu vaxt 7-8 ay göstərilir. Lakin göründüyü kimi qurbanlıq heyvanların "yaş senzi"nə əməl etməyənlər də tapılır. Qurban kəsildikdə bəyənilməyən əməllərdən biri də heyvanı incitməkdir: bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək, bir heyvanın gözünün önündə o birisini kəsmək kimi əməllərlə heyvana əziyyət vermək qurbanı batil edir. Deməli, kəsim yeri uzaq olmalıdır. Amma satış yerləri o qədər dar idi ki, bütün heyvanlar bir-birinin gözünün içinə baxırdı.
Düz Ukrayna dairəsində, avtomobillərin sıx hərəkət etdiyi yerdə Laçınlı Hökmalı baba qoyunlarını "məskunlaşdırmışdı". Özünün də dediyinə görə heyvanların nəsli də elə öz yerindəndir, kənddən çıxara bildiklərini Ağcabədidə böyüdüb, artırıblar. Burada o qədər də kəskin qoxu və natəmizlik yoxdu, qoyunlar da təmiz və ətli idilər. Dediyinə görə, minimum 130-140 manatdan satıb, balacaları qalmayıb. Daha çox da tələbat çəkisi nisbətən az, qiymətcə də uyğun olanadır. Kilosunu 8 manatdan verdiyini söylədi. 100-ə yaxın qoç satmış, 40 baş heyvan qalmışdı. Keçənilki satışdan razılıq etdi, hazırkı alıcılıq qabiliyyətinin aşağı olduğunu söyləyib, işin yarı-yarıya azaldığını dedi: "Keçən il 180 qoyun gətirmişdim, hamısını satdım, cəmi 4 toğlu qaldı, 2 də arıq quzu. Bu il 140 baş gətirmişdim, 100-nü satmışam. Keçən il iki qoçu 700 manata satdım, ikisi 70 kilo gəldi, ətin kilosu da 10 manatdı. Bu gün vur-tut 5 heyvan satmışıq, qalanları ilk gün alıblar, ən bahalısı 250 manatdır. Hazırda məndə çəkisi 35 kilo olan heyvan var. Əvvəlki illər kimi deyil, camaat qiymətə görə çəkisi az olanı istəyir. Sadəcə 3 gün satmağa icazə var. Yarmarka Nargiləyə "gəlmişdi", onlar da keçən il gətirilən Gürcüstan heyvanlarıdır, yunu gözəldir, ətinin tamı yoxdur".
Qoyunu çəkdilər, biri 26 kilo dedi, o biri 27. Baba özünü inanmayan kimi göstərdi, dedi ki, yenidən tərəziyə qoysunlar. Ondan da qoyunun nə qədər çıxarı olduğunu soruşdum, yanındakı yeniyetmə dərhal hazırcavablıq elədi ki, "yarı-yarıya hesablanır". Oğlan təcrübəsiz olduğundan potensial müştəriyə düz bildiyini demişdi. Baba onun sözünü kəsdi, dedi "100-də 60-65 faizi təmiz çəkidir. Məsələn, diri heyvan 10 kilodursa onun 4 kilosu yununa və digər yeməli olmayan yerlərinə çıxılır". Qoyunu təzədən çəkdilər, az əvvəl 26 kilo idi, indi "30 kilo jivoy vesdir", dedilər. Üstünə 4 kilo da "gəlmişdilər". Fermer təmiz ətin 16-17 kilo olacağını söylədi. Mən isə yeniyetmənin sözünə güvənib, "sən nə deyirsən?", ona sual elədim. Üzündəki çaşqınlıq ifadəsi ilə vermədiyim sualı cavabladı, "elə həmən qiymətdir", dedi. Qoçun qiyməti kəsimlə birlikdə 150 manat olacaqdı. Dedim, "üzbəüzdəki yerə də baxaq", dedilər "baxın, amma onların yunundan salyarka iyi gəlir, özləri də mazut rəngindədir, görünür hansısa neft çıxan yerdən gətirilib. Beyləqanınkı olduğunu deyirlər, amma inandırıcı deyil, bizimkilər onlardan göyçəkdir".
Qarşı tərəfə keçdim. "Mazutlu" qoyunların sahibi dedi ki, "yarmarkanın adı var, özü yox, burda polisdən icazə alıb satırlar, yerə görə də pul ödənir. Kim öz malını ucuz satar ki? 90 manata yerli heyvan yoxdur". Heyvanları Beyləqandan gətirdiyini söylədi, ona güvənmədiyimi görüb, qoyunlarla yerli olduğunu sübut etmək üçün şəxsiyyət vəsiqəsini çıxarıb göstərdi. Dedi guya ətin kilosu 7.50 manata satılır. Ən ucuz diri qoçun 130 manat olacağını söylədi. Təmiz çəkisi də guya 18-19 kiloymuş. Eksperiment üçün onlardan da təmiz çəkinin necə hesablandığını soruşdum, yenə gənclərdən biri bildiyini gizlətmədi, "yarı-yarıya", dedi. Satıcı araya söz qatıb, mövzunu dəyişdi ki, oğlanın dediyi yadımdan çıxsın. Sonra özü sədata gəldi ki, "bəs heyvanın diri çəkisi 20 kilo gəlsə, deməli 13 kilo təmiz əti var". Dedim "axı oğlan yarı-yarı dedi". Nə desə yaxşıdır? "Yarı-yarı yox, iki kilo artıq verməlidir". Buradan da bir kilo özü "azaltdı".
Əvvəlcə dedilər ki, qoyunların cəmi 50-60-ı satılıb, 100-ə yaxın qalıb. Bunu da bu il satışın çox olması ilə bağladılar. Bir neçə dəqiqə sonra isə "300 heyvan idi, iki yerə bölmüşdük, indi 50-si qalıb, onları da qəssaba verib, gedəcəm. 1 qoyun da alan var, 5-ni də, 20-ni də", dedi. Fermer üzərinə qoyulduğu tara ilə 34 kilo "gələn" qoçun 18 kilo ətinin olduğunu söylədi. 140 manata verməyə "razılaşdı". Guya 7.50 manatdan düşəcəkdi. İnanan daşa dönsün. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) yarmarkalarda qiymətlərin bazara nisbətən 20-25 faiz ucuz olacağını demişdilər. Amma satıcıların "hesablama qaydaları" bu "mif"ləri alt-üst edir.
Həzi Aslanov Metrostansiyasına yaxın yenə bir neçə yerdə də satış vardı. Birində ətin kiloqramının 4.50 manat olduğu yazılmışdı. Maraq göstərdim, demə alıcı cəlb etmək üçün hiyləymiş. Qiymət isə qoyunun diri çəkisinə aiddir, təmiz ət alınacaqsa 4.50 manatı ikiyə vurmaq lazımdı. Yəni kilosu 9 manatdan düşür. Səmimi danışdı, dedi ki, bəzən biz aldadırıq, bəzən alıcı: "Bax, siz ordan keçirdiniz, mən bu qiyməti yazmasaydım, yaxınlaşmazdınız ki. Alıcı deyir, mənə əti çək ver. Çəkməmiş 18 kilo hesablayıram, çəkəndə 20 kilo olur. Məndə günah yoxdur, özü-özünü aldadır". "Reklam"ı görən yaşlı bir kişi gəlib heyvanı kəsdirib, ətindən də bir neçə kilo çəkdirib, götürüb. Sonda da təmiz ətin hər kilosunu 4.50 manatdan hesablayıb, qəssaba ödəyib. Dayının bu hərəkəti qəssaba od vurub. Dayını da qınamıram, üstünə diri çəki-filan yazmayıblar, şəkildən də göründüyü kimi "quzu 4.85"dən başqa heç nə yoxdur. Çəkisi 35 manat olan qoçu 4.50 manatdan hesablayıb mənə 170 manat "oxudular". Halbuki 158 manat edirdi. Məncə alış-verişə çıxanda hesablamaya diqqət etmək lazımdır. Qoyunun ən bahası 250 manatdır. Qurbanlığın 70 faizini satdığını, hətta özünə 10 faiz mənfəət də qaldığını söylədi: "Heyvanlar Şamaxıdandır, özüm saxlayıram. Bu il satış keçən ilə nisbətən 20 faiz yaxşıdır". Dükanının önündə qoyun satan qəssab dedi ki, o da yarmarkanın adını eşidib, üzünü görməyib.
Daha bir vacib məsələ də qurban kəsənlərin sayı ilə bağlıdır. 7 nəfər və bundan az adam pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir. Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə, yerdə qalan iki hissədən birini də öz qonşuları və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara, özü də qohum olmayan yad adamlara paylamalıdır.
Qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, ehtiyaclı olanlara paylaya bilər. Bu Qurban bayramı zamanı sorğu apardığım insanlardan çoxu bir neçə nəfər bir araya gələrək qoyun alıblar ki, ailələri də qurban ətini dadsınlar, onlar kiməsə paylamağa imkanı olmayanlardır. Söhbət etdiyim başqa bir qəssab dedi ki, həmin gün ondan şərikli ət alanlar xeyli olub, nəinki diri heyvan alan. Adamların sayı isə qoçun çəkisinə görə bəzən 4, bəzən 6, hətta 10 nəfər də olur. Onlar daha çox paylaşmaq üçün almır, ailənin ehtiyacını ödəyirlər. Təbii ki, paylayanlar da olub, belələri isə əsasən Gürcustan qoyunlarından qurban paylayıblar. Çünki yerli heyvandan fərqli qonşu ölkədən gətirilənin qiyməti müqayisədə ucuz olub. Amma deyilənə görə bizdəki qədər dadlı deyil. Bizdə xüsusilə Qarabağ zonasının heyvanlarının əti dadlı olur. Satış məkanlarında böyük antisanitariya da hökm sürürdü. Lakin dövlət qurumlarından iddia etdikləri kimi onları cəzalandıran yoxdu...