Nəsimidə müşavirə və sənədli film təqdimatı keçirildi - Fotolar

nesimide-musavire-ve-senedli-film-teqdimati-kecirildi
Oxunma sayı: 2018

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi” üzrə rayon komissiyalarının 2023-cü ilin yekunlarına həsr edilmiş hesabat dinlənilib və “Duman” adlı sənədli filmin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə iştirakçılar RİH-nin binasında təşkil olunmuş sərgi ilə tanış olub, ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, narkomanlığa qarşı mübarizə sağlamlığa təminatdır: “Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial blaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon ərazisində “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində aparılan abadlıq, quruculuq işləri zamanı məhəllə və həyətlərdə müxtəlif idman qurğuları və uşaq oyun elementləri quraşdırılır, futbol,voleybol və basketbol meydançaları salınır. Xüsusi qeyd olunmalıdır ki, son illər rayon ərazisində 250-dən artıq həyət yenidən qurulub”.

Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Nəsimi rayon Prokuroru Həsən Hənifəyev, rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev çıxış edərək bildirdilər ki, narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir. Çıxışlarında narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanıb.

Sonda rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış “Duman” adlı sənədli film nümayiş olunub.