Nizamidə Anım Günü ilə əlaqədar tədbirlər keçirilib - Fotolar

nizamide-anim-gunu-ile-elaqedar-tedbirler-kecirilib
Oxunma sayı: 1331

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü münasibətilə “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri” memorial kompleksi önündə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, Milli Məclisin deputatı, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endiriblər.

27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi Xəqani Orucov çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Rayon ictimaiyyəti tərəfindən həmçinin Keşlə Şəhidlər Xiyabanında və II Fəxri Xiyabanında şəhidlərin məzarları ziyarət edilib, onların ruhlarına dualar oxunub, məzarları üstünə güllər qoyulub. Şəhid ailələri və qazilər üçün ehsan süfrəsi təşkil olunub.