Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə millət vəkillərinin, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin, qazilərin və gənclərin iştirakı ilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, öncə Vətən müharibəsi şəhidləri memorial kompleksi önünə əklil və gül dəstələri qoyulub, həmçinin Keşlə Şəhidlər xiyabanı və II Şəhidlər xiyabanı ziyarət olunub.
Sonra Zəfər Günü münasibətilə rayon bayram tədbiri təşkil edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər.
Qeyd olunub ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan xalqı bu gün böyük coşqu və fəxarət hissləri ilə 8 Noyabr - Şanlı Zəfər qələbəsinin 4-cü ildönümünü qeyd edir.
Çıxış edənlər xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyiblər.
Tədbirdə həmçinin Vətən müharibəsi qəhrəmanı, şəhid Milli Qəhrəman Azad Hümbətovun atası Arif Hümbətov və Vətən Müharibəsi iştirakçısı, mayor Nicat Əmirəliyev çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı və diqqətə görə Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda bayram konsert proqramı nümayiş olunub, tanınmış incəsənət nümayəndələrinin milli-vətənpərvərlik mövzularında çıxışları dinlənilib.
Həmçinin rayonda Heydər Bağı-Park Bulvarda təntənəli bayram atəşfəşanlığı keçirilib.