O skeletlərin üz cizgiləri bərpa ediləcək... - Video - Fotolar

o-skeletlerin-uz-cizgileri-berpa-edilecek
Oxunma sayı: 4925

Azad olunmuş ərazilərdə quruculuqla yanaşı, erməni vandallığının qurbanı olmuş tarixi abidələrin bərpası işləri də aparılır. İşğal altında olduğu 30 il müddətində təhqir olunmuş, dağıdılmış, içində donuz saxlanılmış Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksi də bu abidələr sırasındadır.

“Qafqazinfo”nun məlumatına görə, kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya ötən il Prezident İlham Əliyevə təqdim olunub və işə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Tədqiqatlar nəticəsində ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək Kompleksdə çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun (AEAİ) direktoru vəzifələrini icra edən tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bildirib ki, işin gedişində çox ciddi vəzifələr ortaya çıxıb: “Aprel ayından tədqiqatlara başladıq, derkabrda sona yetirdik. İşin gedişində çox ciddi vəzifələr ortaya gəldi. Əldə etdiyimiz çox ciddi nəticələr var. Biz artıq buradan götürdüyümüz nümunələrin təhlilinə, analizinə gedirik. Bu proses bir qədər vaxt aparacaq, amma ortaya çox ciddi elmi informasiya çıxaracaq. 

Biz bura ilk dəfə gələndə vəhşiliyin, vandallığın şahidi olmuşduq. Qəbirlərə kobud şəkildə müdaxilə olmuşdu. Müşahidələr onu da göstərir ki, erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Bərpa işləri də bitəndən sonra burada Qarabağın tarixi gerçəkliyi nümayiş olunacaq”.

F.Quliyev onu da bildirib ki, burada xan ailəsindən əvvəl də qəbiristanlığın olması ehtimal edilir: “Aşkar olunan qəbirlər də bunu göstərir. Çünki daha qədim mərhələyə aid qəbirlər də var, xan ailəsinin dövrünə aid olanlar da. 

Ümumilikdə 213 qəbir qeydə alınıb. Onlardan 22-sinin xan ailəsinə aid olduğunu ehtimal edirik. Burada bəzi arayışlarda olmayan qəbirlər də aşkar etmişik. Qəbirlərdən götürülün DNK analizlərindən sonra bütün fikirlərin doğru və yanlışlığına aydınlıq gələcək”.

Direktorun sözlərinə görə, bu tədqiqatların yekununda aşkarlanan insan skeletlərinin üz cizgilərini də müəyyənləşdirmək mümkün olacaq: “Onu da deyim ki, antropologiya elmində yeni yanaşma var, tədqiqatlar zamanı aşkar olunmuş skeletlər təmizlənəndə, onların üz cizgilərini bərpa etmək mümkündür. Bu, çox geniş yayılmış üsuldur. Bu məsələ də gündəmdədir. Elm elə bir mərhələdədir ki, dəfn olunan şəxsin kimliyini və onun sifət cizgilərini bərpa edə bilirik”.

Məsələ burasındadır ki, cəmiyyətdə Xan qızı Natəvanın məzarının ermənilər tərəfindən açıldığı, qalıqlarının aparıldığı kimi iddialar dolaşır. Qurum rəsmisi bu suala da sözgedən araşdırma nəticəsində cavab tapılacağını bildirib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva isə bildirib ki, “İmarət” Kompleksi  Azərbaycanın mühüm abidələrindən biridir: “Hazırda birinci mərhələnin sonuna çatmışıq. Burada geniş şəkildə arxeoloji qazıntılar aparılır və eyni zamanda abidələrin hazırkı vəziyyəti öyrənilir. Bir neçə abidə çox dağılmış vəziyyətdə olduğundan onların daha dərin araşdırılmasına ehtiyac yarandı ki, dayanıqlılığı barədə məlumat əldə edə bilək. Ən acınacaqlı vəziyyətdə olanlar yenidən bərkidilib. Bərpa zamanı məcburi istifadə olunan daşlar Şahbulaqdan gətirilib. Pənahəli xan da “İmarət”in tikintisində məhz oradan gətirilən daşlardan istifadə edib. Bərpa işlərinin yekunlaşağı tarixi dəqiq deyə bilmirik, çünki bəzən yeni məsələlər ortaya çıxır. Amma çalışacağıq ki, bunu tezliklə yekunlaşdıraq və növbəti mərhələ barədə məlumat verək. 

Növbəti mərhələdə isə ərazinin abadlaşdırılması nəzərdə tutulub”.

Emin Səfərov

Video-Fotolar: Pərvin Zeynal