Həmin hadisələrin üzərindən 85 il keçir - “yubiley!”
1937-ci ildə baş verənlər, əqidəli qələm adamı olduğuna görə güllələnənlər, qürbətdə, həsrətdə can verənlər, dostlarından donos yazıb onları Sibirə göndərənlər... Qanlı-qadalı hadisələrin üzərinə sərilmiş əlli altı illik qan rəngli Sovet bayrağı...
Sabah bülbüllərinin müşayiəti ilə böyük əsərlərinə tombul nöqtələr qoyan Cavid qütb yapalaqlarının səssizliyində can verməli deyildi - üzü Sibir qarı kimi ağ, taleyi Sibir kömürü kimi qara...
Cavidin doğumundan da 140 il keçir, yubiley!
Əzəldən belədir, çoxu xilas olsun deyə, azı qurban getməlidir. Qurban da həmişə ən gözəllərindən seçilir; Cavid kimi, Müşfiq kimi... Qotur-keçəlin qurban getməsi Allaha da xoş gəlmir.
Allaha Qurban mərasimində eyş-işrət də xoş gəlmir. Elə donosbazlarımız var idi ki, dostlarını, əqidələrini ona görə satırdılar ki, ölməkdən qorxurdular, cəsarətsiz idilər, talelərində qəhrəmanlıq yox idi. Ancaq elələri də var idi ki, dostlarını satarkən içlərində də olsa, sarsılmadı, aldıqları Sovet sifarişlərini istedadlarının ən parlaq guşəsində yoğurdu. Murdar ideyalara parlaq zəkaları ilə işıq salıb rövnəqləndirdi, öldürdükləri əqidələrinin məzar daşlarına düşmən sloqanları yazmaqdan usanmadı.
Bax bu, qurban ətiylə şərab içmək kimi çimsindiricidir.
Bir işi ağlaya-ağlaya görməklə, gülə-gülə görmək o qədər fərqlidir ki, bu fərqə həssas qəlblə baxanda elə bilirsən, görülən işlər ayrı-ayrıdır.
Mənasını itirmişdir köhnə, çürük sözləriniz
O üçrəngli bayrağısa, görməyəcək gözləriniz!
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər,
Siz hey hürün, nə eybi var: “İt hürsə də, karvan keçər”.
Süleyman Rüstəmin cümhuriyyətə, dəyərlərimizə yönəli tənqidi, təhqiri sarsıdıcıdır. Onun bu və bu kimi başqa misralarını oxuyanda insan istər-istəməz dişlərini qıcayır.
Süleyman Rüstəm tarixin istənilən dövründə, istənilən siyasi rejim kontekstində analiz olunsa belə, yenə də bağışlanmaz təhqiramiz, ələsalıcı, lağedici misra sahiblərindədir. Düzdür, dərc olunan mənbələrdə (“Kommunist”, “Ədəbiyyat və incəsənət” qəzetləri və s.) biz onun yoldaşları ilə bağlı yazdığı donoslara, demək olar ki, rast gəlmirik. Ancaq onun ideyalara qarşı sifarişli üsyanı, bu üsyandakı obrazı yalnız Hollivud filmlərində ola bilər, çünki həyatda şər bunca birmənalı olmur:
“Oxuma, tar, oxuma, tar,
səni sevmir proletar”.
Düzdür, tarı susdurmağa çalışan təkcə Süleyman Rüstəm deyildi. Məsələn, həmin ərəfədə qanlı sifarişləri sevə-sevə icra edən başqa silahdaşları var idi:
Bizi yormuş kar qulaqları qıdıqlayan,
Keçi səsli
Sədəfli tarım mələməsi...
(Mikayıl Rəfili – “Pəncərə” kitabı – 1929)
İçindəki inləyəni,
Deyirlər Şərqə məxsusdur.
Madam sıxır dinləyəni,
Ağlatma, gəl, onu susdur.
(Məmməd Rahim - “Arzular” kitabı 1930)
Qurani-Kərimin 111-ci surəsi nazil olanda Əbu Ləhəb hələ sağ idi və onun sağlığında artıq cəhənnəmə düşəcəyinə müqəddəs kitabda hökm verilmişdi:
1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
3. O, alovlu bir oda girəcəkdir.
Təsəvvür edin, Əbu-Ləhəb bu surəni eşidəndən sonra da yaşadı, ancaq heç vaxt İslamı qəbul etmədi. O, İslamı qəbul etsəydi, Quranın bu surəsi qüvvədən düşəcəkdi, düşmənin qondarma kitabı saydığı Qurana qarşı gələ bilmədi, bacarmadı. Mətn müqəddəsdir, o da qaldı, müqəddəs kitabdakı mətn.
Mətn müqəddəsdir, Süleyman Rüstəmin şeiri taleyinə çevrildi. O, özü də bilmədən bu dörd misra həyatının sərhədlərinə çevrildi:
Mənasını itirmişdir köhnə, çürük sözləriniz
O üçrəngli bayrağısa, görməyəcək gözləriniz!
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
O, 1989-cu ildə bu dörd misradan kvadrat düzəldib içində can verdiyi zaman divarına, pəncərələrinə “Azadlıq, azadlıq” şüarları çırpılırdı.
Gözlərini əbədi yumandan cəmi beş ay sonra-1989-cu ilin noyabrında isə doğma şəhərində minlərlə adam əlində üçrəngli bayraqla yetmiş il sonra ilk dəfə Azərbaycan himnini dinləyəcəkdi:
“Üç rəngli bayrağınla məsud yaşa!”
Sərdar Amin