O videoya baxmamısınızsa, baxmayın!

o-videoya-baxmamisinizsa-baxmayin
Oxunma sayı: 13724

ANS var idi, sloqanı da belə idi:

“Döyüş alnınıza yazılıb”.

Hər dəfə o şüarı görəndə əsəbiləşirdim. Kim olursan ol, lap elə ANS. Sən mənim alnıma yazılanı diktə edə bilməzsən. Alnıma nə yazıldığını Allahım bilir. Bir də alnımı geniş saxlasam, o yazıdan mənə pıçıldaya bilər.

156 nömrəli məktəbin XI sinif şagirdinin yeniyetmənin başına gətirdiklərini seyr etməmisinizsə, etməyin. Mən əminəm ki, bu yazını oxuyan insanların ürəyi qaymaq kimi yumşaqdır. Baxmayın, baş verənləri qısaca yazım, məlumatınız olsun, yetər.

Bir məktəbli qız özündən yaşda, cüssədə kiçik həmcinsinin alnına təhqir yazır, başına yumurta vurur, saçını kəsir. Digər qız şagird də bunu çəkir.

Ona görə baxmayın deyirəm ki, görə-görə gəlmək həmişə adama təcrübə vermir, bəzən təzyiq, əsəb, olmazın xəstəliklər verir.

Toplum məsuliyyət, səmimiyyət çatışmazlığından əziyyət çəkir. Sanki Adam Smitin “Görünməyən əli” bu dəfə cibimizə yox, evimizə, övladımızın ürəyinə girir, kiminsə alın yazısını qaralayır, pozur...

İndi də bu məsuliyyətin altından çıxmaq üçün müxtəlif dahilərdən uşaqların qəddar varlıq olması ilə bağlı sitatlar gətirib çıxa bilərik.

Dünyanın hər yerində bullinqə məruz qalan uşaqların və bullinqə məruz qoyan uşaqların olduğunu deyə bilərik.

Gözləyin, birini də mən deyim; İki “Palma budağı” alıb sənətin palma ağacına çevrilmiş avstriyalı rejissor Mixael Hanekenin “Ağ lent” filmi. Filmdə insan oğlunun ağlına gəlməyən qəddarlıqların cəzalı yeniyetmələr tərəfindən edildiyi lentə alınıb, ağ lentə. Daha doğrusu ağ-qara.

Qafqazın güneyində yaşadığımız bu ömrü oturub bir film kimi izləyə bilsəydik, ötən gün yaşadığımız “seriya”ya görə məsuliyyəti özümüzdən kənarlaşdıra bilməzdik.

Çünki həmin “seriya”da heç bir prinsip, maraq yoxdur. Bu, sərasər tərbiyəsiz mühitdə böyüyüb yeniyetməliyə yetən bir neçə qızın görüb-götürdükləridir; ağlagəlməz şeyləri edərək, çəkərək məşhurlaşmaq. Bu trendi isə onlara biz vermişik. Hərçənd çəkərək məşhurlaşmaq pis trend deyil, pis tərəfi odur ki, həmin yeniyetmələrin gözünü açıb baxdıqları adamlar da adətən axmaq hərəkətlərlə gündəmə gəlir, məşhurlaşıb. Sonra onların axmaqlıqları unudulub, məşhurluqlarına hörmət edilib, pul xərclənib.

Xarakterimizə hopan elə şeylər var ki, onlar ən kritik vaxtlarda üzə çıxır; yaxşı da, pis də.

10 il əvvəl Xırdalanda bir kişinin üstünə nəhəng qazanxana borusu aşmışdı. Hadisəni görən bir gənc telefonla çəkə-çəkə kişinin yanına qaçırdı. Telefonu əlindən buraxmayan o gənc həyəcanını və dəhşətini rusca söyə-söyə ifadə edirdi. Videonu paylaşan hər kəs kişinin ölümündən danışırdı. Şair Rasim Qaraca isə həmin videoya təxminən belə şərh yazmışdı:  

“Biz nə zaman belə olduq? Ölüm ayağında olan birinə kömək edərkən dilimizdəki nida rusca söyüş olur”.

Çox adamların üzərinə boru düşəcək və Hitlerə də qalmayan bu dünya, bəlkə də, özü elə bir qaz borusudur, içində hamımız bir az dözürük. Dəyişməyən odur ki, içimiz çölümüzə rastlaşdığımız heyrətamiz, dəhşətli məqamlarda çıxır.

Bir də baxırıq ki, əksər Azərbaycan kişiləri heyrətlənəndə dilinə həmin o rus söyüşü gəlir. Biz nə zaman belə olduq?

Biz nə zaman belə olduq, məşhurlaşmaq, diqqət çəkmək üçün az qala hər şeyə hazır olan “tiktok adamları”na çevrildik.

Görmədiyimiz müsibətlərlə rastlaşanda, heyrətlənəndə içimiz şəffaf görünür.

Ölkədə uşaqdan-böyüyə Azərbaycan auditoriyasının əxlaqını, zövqünü əhatələyə bilən seriallar çəkilməyəndə, filmlər çəkilməyəndə bu işi, təbii ki, hərə özünün bildiyi qaydada görəcək.

Hərə öz filmini çəkəcək.

Məsələn, ailəsi, ətrafı, məktəbi tərəfindən samballanmayan yeniyetmələr türk seriallarında gördükləri bullinqləri təkrarlayıb.

“Azərbaycan serialı” çəkəcək. Bu serialın rejissoru odur, istəsə yaratdığı obrazın başına yumurta vurar, istəsə saçın kəsər. Çünki obrazının alın yazısı onu əlindədir.

Təcrübəsiz rejissorların əlindəki bu yumurtalar həm də rəmzidir, o yumurtalar ən yaxşı halda bir adamın başında çatlayır, bir adamın alın yazısını dəyişir.

Sınmayanda bizi daha pisi gözləyir, çünki həmin yumurtaların içindən nə çıxacağını düşünmək belə qorxuludur.

Sərdar Amin, 

Xüsusi olaraq “Qafqazinfo” üçün