Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “WUF13 QHT forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” forumu keçirilir.
“Qafqazinfo” xəbər verir ki, sözügedən tədbir Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə təşkil olunub.
Tədbirin açılışında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax sözügedən forumun keçirilməsinin tarixi məqam olduğunu deyib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, şəhərsalma forumu QHT-ləri bir araya toplamadan olmazdı: “QHT forumu ilə şəhərsalma forumu bir biri ilə əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan ünsiyyətin qurulması baxımından QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına xüsusi diqqət yetirir. Azərbaycan fondlara çıxış imkanları yaradır, qrantlar ayırır. Vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqlı inkişaf məqsədlərinə çatmaqda rolu çox yüksəkdir. Ölkəmizin minalarla çirklənmiş torpaqlarının təmizlənməsində onların təşəbbüslərindən istifadə edirik. Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları yalnız ölkəmizin sərhədləri daxilində deyil. Belə ki, Qlobal Cənub QHT platforması keçən il təşkil edilib və artıq uğur hekayəsinə çevrilib”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sabiq icraçı direktoru, hazırda Malayziya hökumətinin dayanıqlı urbanizasiya üzrə müşaviri Maimuna Mohd Şərif isə qeyd edib ki, bu forum vətəndaş cəmiyyəti nümayəndələrini, yerli icma liderlərini və beynəlxalq tərəfdaşları ortaq problemlərin müzakirəsi üçün bir araya gətirir.
Onun sözlərinə görə, tərəfdaşlıq mexanizmləri qərar qəbuletmə prosesinə birbaşa təsir göstərir: “Sürətli urbanizasiya fonunda mənzil təminatı, sosial bərabərsizlik və iqlim dayanıqlılığı məsələləri insanların gündəlik həyatına birbaşa təsir edir. QHT-lər yalnız qlobal forumların iştirakçısı deyil, həm də insanlar, siyasət və praktika arasında əlaqələndirici qüvvədir”.
Günel İbrahimova
Fotolar: Xəyal Vəlizadə






Son xəbərlər
Son Xəbərlər