“OBA”da partlayış - Üç nəfər yaralandı - Yenilənib-Video

obada-partlayis
Oxunma sayı: 9218

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat yayıb.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. 

Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.

Açıqlamada, həmçinin qeyd olunub ki, “OBA” marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq. 

***

“Veysəloğlu Şirkətlər Qrupu”nun Mətbuat Xidmətinin rəhbəri Məhəmmədəli Qəribli bildirib ki, hadisə vaxtı yoldan keçən şəxs də xəsarət alıb.

***

FHN hadisə barədə açıqlama yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kv.m. olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.