DÇ-2026-da idarəçilik etmək üçün ABŞ-yə yollanan, lakin bu ölkəyə girişinə icazə verilməyən somalili tanınmış hakim Ömər Əbdülqadir Artan vətəninə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ-dən geri göndərildikdən sonra ölkəsinə dönmək üçün İstanbul üzərindən tranzit uçuş reallaşdıran referi jurnalistlərin suallarını cavablandırıb.
O, yaranmış vəziyyətlə bağlı qısa danışaraq “FIFA-ya və Somali xalqına mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm” deməklə kifayətlənib. Daha sonra o, Somalinin paytaxtı Moqadişuya uçub. Qarşılamaya gələn somalili azarkeşlər ABŞ-nin qərarına etiraz edərək gənc hakimə mənəvi dəstək nümayiş etdiriblər.
Məsələ ilə bağlı ali futbol qurumu FIFA-dan da rəsmi bəyanat gəlib. Qurum bəyan edib ki, yaranmış vəziyyəti dəyişmək artıq mümkün deyil:
“FIFA viza qiymətləndirilməsi də daxil olmaqla, ev sahibi ölkənin daxili miqrasiya proseslərinə müdaxilə etmək səlahiyyətinə malik deyil. ABŞ rəsmiləri tərəfindən cənab Artanın statusunun hazırkı mərhələdə dəyişdirilməyəcəyi barədə məlumatlandırılmışıq”.
Qeyd edək ki, Ömər Əbdülqadir Artan ötən il Afrikanın ən yaxşı hakimi seçilmişdi. O, DÇ-2026-da oyun idarə etmək üçün təyinat alan ilk somalili hakim kimi futbol tarixinə düşmüşdü.
Son xəbərlər
Son Xəbərlər