“Ombudsmanın proaktiv fəaliyyəti “A” statusunu şərtləndirib” - Kamal Cəfərov

ombudsmanin-proaktiv-fealiyyeti-a-statusunu-sertlendirib
Oxunma sayı: 1734

İkinci oxunuşda Milli Məclisin müzakirəsinə təqdim edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanunun qəbulu həm insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, həm də post-konflikt dövrü çərçivəsində dövlətimizin milli maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bunu “Qafqazinfo”ya açqılamasında Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

Deputat ilk olaraq qeyd edib ki, Konstitusiya qanununa təklif edilən dəyişikliklər Paris prinsiplərinə uyğun olaraq Ombudsmanın seçilməsi və vəzifəyə təyin edilməsi qaydalarını dəqiqləşdirir və bu prosesin şəffaflığını artırır: “Qeyd edilən islahat bu sahədəki mövcud beynəlxalq standartların və müsbət təcrübənin milli qanunvericilikdə təsbitini təmin edəcək. Eyni zamanda Ombudsman fəaliyyətinin genişləndirilməsi, insan hüquqları sahəsində dövlət proqramlarının icrası prosesinin təhlili, rəy və təkliflərin hazırlanması kimi yeni səlahiyyətlərin müəyyən edilməsi keyfiyyətcə yeni mərhələnin əsasını təşkil edəcək.

İkincisi ölkəmizdə son illər ərzində inzibati idarəetmədə mühüm islahatlar həyata keçirilib, publik hüquqi şəxs institutu yaradılıb və bir sıra dövlət orqanlarının statusu dəyişdirilərək publik hüquqi şəxslərə çevrilib. Konstitusiya qanununun cari redaksiyasında bu yeniliklər nəzərə alınmadığından Ombudsmanın proaktiv fəaliyyətinin təminatına praktiki məhdudiyyətlər yarana bilir. Ona görə də bir sıra maddələrdə insan hüquqlarını poza biləcək subyektlərin əhatə dairəsinin dəqiqləşdirilməsi və genişləndirilməsi Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının daha effektiv müdafiəsini təmin edəcək, hətta bu pozuntular baş vermədən qarşısını ala biləcək. Bu dəyişikliyi tamamlayan və şərtləndirən digər yenilik isə Ombudsmanın aparatının baxış keçirə biləcəyi yerlərin dəqiqləşdirilməsi və bu siyahının da genişləndirilməsidir. 

Üçüncüsü Konstitusiya qanunu ilə beynəlxalq təcrübəyə uyğun olaraq insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə yeni müstəqil monitorinq mexanizmi institutunun yaradılması nəzərdə tutulur. Müstəqil monitorinq mexanizmi institutunun funksiyaları kifayət qədər genişdir, təklif edilən hüquqları isə bu funksiyaları müstəqil həyata keçirmək üçün adekvatdır”.

Kamal Cəfərov hesab edir ki, qeyd edilən bu dəyişiklər Ombudsman institutunun fəaliyyətini gücləndirəcək, keyfiyyətini artıracaq və İnsan hüquqları üzrə Müvəkkilin proaktiv fəaliyyəti üçün yeni konstitusion zəmin yaradacaq: “Digər tərəfdən bu dəyişikliklər Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun “B”-dən “A”-ya artırılmasına şərait yaradacaq. Bunun isə post-konflikt dövründə dövlət maraqları baxımından xüsusi əhəmiyyəti var.

Belə ki, “A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları “A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır”.

Deputat onu da xüsusi ilə vurğulayıb ki, Ombudsman institutu bütövlükdə beynəlxalq səviyyədə uğurlu əməkdaşlıq edir: “Konstitusiya qanununa ediləcək dəyişikliklərin verəcəyi yeni imkanlardan istifadə edərək, Ombudsman Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətləri, insan hüquq və azadlıqlarının pozuntuları barədə bəyanatları beynəlxalq mexanizmlərdə ən ali tribunalarda səsləndirə biləcək”.