“Cənubi Qafqazda sülh bu adamlara sərfəli deyil”

cenubi-qafqazda-sulh-bu-adamlara-serfeli-deyil
Oxunma sayı: 658

Məlum beynəlxalq dairələr həmişə korrupsiyanı Şərqdə axtarırlar, amma Qərb özü də bu “xəstəlikdən” çox əziyyət çəkir. Bəzən adamları gözümüzdə çox böyüdürük, ya da özləri o cür görünür. Sonra məlum olur ki, bu şəxslər - yüksək vəzifəli şəxslər vəzifəsinə görə “yüksək” imiş.

Mən bir dəfə yazmışdım: elə adamlar var, vəzifəsi böyükdür, elə adamlar da var, öz vəzifəsindən böyükdür.

Öz vəzifəsindən kiçik adamlardan biri Avropa İttifaqının keçmiş xarici siyasət və təhlükəsizlik üzrə keçmiş Ali Nümayəndəsi Jozep Borrel olub.

Deyəcəksiniz, Borrel artıq yüksək vəzifə daşımır.

Bəli, ancaq onun adı ətrafında yaranan bir qalmaqal Borrelin öz siyasi profilindən önəmlidir (Məlumatı “Minval Politika”) yayıb.

Məsələ nə imiş?

Məlumun sensasiyalı elanı: erməni maraqlarının pullu xidmətçiləri Avropa İttifaqının rəhbər şəxslərini “barmağında oynada” bilirmiş.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun və oğlu Tomas Okamponun içində olduğu bir videogörüntü var - atanın da, oğulun da siyasi korrupsiya, nüfuz alveri ilə məşğul olduğunu elə özləri etiraf edirlər. Onlar deyirlər ki, Borrel vasitəsilə Avropa Parlamentində qətnamələrin qəbul edilməsinə, Avropa Komissiyasının prezidenti Ursula von der Lyayenin mövqeyinə təsir göstərə bilirlər: “Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.

Yadınızdadırsa, bir müddət əvvəl Avropa Parlamentində Azərbaycan əleyhinə çox sərt qətnamə qəbul edilmişdi. Həmin sənəddə Azərbaycan rəsmi şəxslərinin Aİ strukturlarına - binalarına belə girişini məhdudlaşdırmaqdan tutmuş, Aİ üzvü olan ölkələrin Azərbaycandan neft-qaz almasını yasaqlamağa qədər hər cür ağılsız çağırış var idi.

Doğrudur, bu qərəzli qətnamə əvvəlkilər kimi, sadəcə, kağıza həbs olunub qaldı - ondan sonra da Azərbaycanın Aİ üzvü olan dövlətlərlə enerji tərəfdaşlığı daha da irəli gedib, bu, ayrı məsələdir.

Söhbət ondan gedir ki, radikal erməni diasporunun maddi maraqları, eləcə də, Ermənistanda çevriliş etməyə çalışan Rusiyanın dolayı sifarişi əsasında Aİ içərisində iş gedir. Ermənistanın indiki Baş naziri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.

Kim?!

Əlbəttə, erməni diasporasındakı aparıcı qüvvələr və Rusiya.

Ermənistan hazırda Azərbaycanla faktik sülh şəraitində yaşayır. Bunu yekun yuridik çərçivəyə salmaq isə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasından sonra mümkün olacaq.

Ermənistan bu qərara yaxındır. Buna görə də Ermənistanla Azərbaycan arasında əvvəllərdəki münaqişəli vəziyyətdən onillərlə pul, siyasi nüfuz, yüksək mövqe, məqam qazanan adamlar, təbii ki, bölgədə normallaşma prosesini pozmağa çalışır. Belçikada və Niderlandda çıxarılan məlum (məlun!) qətnamələr də bundan doğub.

Rusiya faktoruna qayıdaq. Qondarma “erməni soyqırımı” iddiasını diriltmək Rusiyaya ona görə lazımdır ki, Köçəryan, Karapetyan, Sarqsyan kimi siyasi lakeylərini Ermənistanda yenidən hakimiyyətə daşısın, sülh prosesini pozsun, ya da inhisara alıb, hər iki ölkəni yenidən öz təsir dairəsinə, təzyiq altına salsın. Qərbdəki “soyqırım lobbiçiləri” isə bu iddianı yenidən reanimasiya edib, öz şəxsi qazanc qaynaqlarını geri qaytarmaq niyyətindədir.

Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-dən bəri nəinki faktik sülh var, üstəlik artıq iki ölkə bir-biri ilə ticarətə başlayıb. Ermənistan Azərbaycandan neft məhsulları almağa başlayıb, gələcəkdə qaz da alacaq. Bu da Ermənistanı Rusiyanın iqtisadi inhisarından da, enerji asılılığından da uzaqlaşdırır. Aİ strukturlarında isə guya erməniləri müdafiə etmək məqsədilə qətnamələr çıxarılır, bəyanatlar verilir; böyük bir siyasi korrupsioner şəbəkəsi bundan qazanc götürür.

Azərbaycanla Ermənistan öz aralarında danışıb, razılaşdıqca, həmin şəbəkənin asan və haram gəlir yerləri də bir-bir bağlanır, çirkli pul axını azalır. Bu da Okampo kimi, Borrel kimi adamların, onların təsiri altında qərar verən başqa siyasi dəllalların cibinə təsir göstərir. Ona görə də Cənubi Qafqazda sülh bu adamlara sərfəli deyil, onlar müharibələrdən, qırğınlardan pul qazanırlar, qandan və göz yaşından bəslənirlər.

Yeri gəlmişkən, Jozep Borrel 2019-2024-cü illərdə Aİ-nin Ali Nümayəndəsi vəzifəsində işləyib. Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə.

2020-ci ildə Böyük Britaniyanın bu İttifaqı tərk etməsi - Brexit Jozep Borrelin apardığı xarici siyasətin uğursuzluğuna ən tutarlı sübutdur. Rusiyanın Ukraynaya hücumu və müharibənin Avropanın təhlükəsizliyinə açıq və real təhdidə çevrilməsi də Borrelin uğursuz “diplomatiyasından” xəbər verir.

Vəzifədə olduğu o beş il ərzində erməni lobbistlərin maraqlarının müdafiəsi üçün siyasi korrupsiyaya qurşanmaq əvəzinə, öz birbaşa vəzəfəsi ilə - Avropanın xarici siyasəti və təhlükəsizliyi ilə məşğul olsaydı, Avropa indiki təhlükəli vəziyyətə gəlib düşməzdi. Borrel həmişə keçmiş “Qarabağ kartı” ilə oynayaraq Cənubi Qafqazda separatçılığı və müharibəni dolayı yolla körükləyirdi, Qafqazda ikinci erməni dövlətinin qurulmasına gizlicə dəstək verirdi. Ancaq Azərbaycan dövləti, ordusu bu planları darmadağın etdi. Əvəzində daha böyük - Qoca Qitəni lərzəyə salmış Rusiya-Ukrayna müharibəsi əldə etmiş oldu.

Borrel İspaniyanın Katoloniya əyalətindəndir, amma, göründüyü kimi, katolon separatçıları deyil, erməni separatçıları ona daha doğma imiş.

Okampolara gəlincə, Argentinalıların “Malvinas” adlandırdıqları Folklend adaları 1833-cü ildən Böyük Britaniyanın idarəsi altındadır. 1982-ci ildə isə Argentina 10 həftəlik müharibəni və nəticədə Folklendləri Britaniyaya uduzub.

Okamponun vətəni Argentina hələ də bu adalara haqq irəli sürür. Okampolara hərbi revanş, müharibə, ölüm, qan lazımdırsa, Malvinləri buraxıb, gəlib, bütün bunları Qafqazda axtarmasınlar...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

bizimyol.info