“Onu ayağından sərt alətlə vurublar, damarına qədər qırılıb”

onu-ayagindan-sert-aletle-vurublar-damarina-qeder-qirilib
Oxunma sayı: 4065

Qəbələ rayon Böyük Əmili kənd sakini Samirə Salahova ərinin öldürüldüyünü iddia edir. O, məsələnin hüquq-mühafizə orqanları tərəfindən düzgün araşdırılmadığını deyir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, hadisə ötən il dekabrın 24-dən 25-nə keçən gecə baş verib.

Belə ki, S.Salahova gecə həyat yoldaşının evə gəlmədiyini görərək narahat olub. Həyətə düşəndə ərini maşının sağ oturacağında halsız vəziyyətdə tapıb: “Ərim Salahov Bəxtiyar Tacir oğlu 1-ci Qarabağ müharibəsi veteranıdır, 2-ci qrup əlil, eyni zamanda Prezident təqaüdçüsü olub. Həmin axşam yoldaşım evə gəlmədi, səhər 7-yə qalmış onun evə gəlmədiyini görüb təşvişə düşdüm. Həyətə düşüb onun maşınına yaxınlaşıb qapısını açdım və yoldaşımın sükan arxasında deyil, sağ tərəfdə olduğunu gördüm. Dəfələrlə “düş evə gedək, burda oturma soyuqdur, qalx ayağa” deyib düşürməyə cəhd etsəm də, reaksiya vermirdi. Daha sonra mən onun ayaqlarının qan içində olduğunu gördüm”.

Samirə Salahova bildirir ki, yaxınlıqda yaşayan qohumlarının köməyi ilə Bəxtiyar Salahovu xəstəxanaya çatdırıblar: “Xəstəxananın qarşısında Bəxtiyarı maşından düşürəndə biz onun sağ ayağının tamamilə qırılıb dəridən asılı qaldığını gördük. Bəxtiyar xəstəxanada olanda polislər mənə dedi ki, yoldaşımın yanına girib ondan hadisə ilə bağlı soruşum. Mən nə qədər onu çağırsam da, Bəxtiyar huşsuz halda olduğu üçün mənə cavab vermədi. Sonra məni şöbəyə apardılar, izahat verdim. Şöbədən çıxanda qardaşımın gəldiyini gördüm. O, mənə artıq yoldaşımın dünyasını dəyişdiyini dedi. Məlum oldu ki, yoldaşım çoxlu qanitirmədən dünyasını dəyişib”.

Şikayətçi hadisənin qəza olmadığını, qəsdən törədildiyini iddia edir. Onun sözlərinə görə, Qəbələ Rayon Prokurorluğu işə düzgün hüquqi qiymət verməyib: “Bəxtiyarın heç kimlə problemi yox idi. Sakit təbiətli, vətən uğrunda döyüşmüş bir adam idi. Döyüşlərdə yaralanmışdı, 2 qabırğası qırıq idi. Bədənində 4 qəlpə var idi. Əminəm ki, yoldaşıma planlı şəkildə tələ qurulub. Həmin gündən şikayətlərimizi etmişik. Bir ay iş prokurorluqda qaldı, sonra polis şöbəsinə qaytarıldı. Mən bununla razı deyiləm. Fikirləşirəm ki, bu iş ört-basdır olunur. Çünki yoldaşımın bədənində heç bir xəsarət olmayıb. Yalnız sağ ayağında, topuq nahiyəsinin yuxarısından tamamilə sındırılıb. Bu da onu göstərir ki, onu sərt, küt alətlə vurublar və damarına qədər qırılıb, nəticədə güclü qanaxma olub. Qəbələ rayon prokuroru Nazim Babayevlə bir neçə dəfə görüşməyimə baxmayaraq, heç bir nəticə yoxdur. Nədənsə bu işə çox laqeyd yanaşılır”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı istintaq və əməliyyat tədbirləri davam etdirilir: “Qəbələ rayonunun Böyük Əmilli kənd sakini 1975-ci il təvəllüdlü Salahov Bəxtiyar Tacir oğlu qeyri-aşkar şəraitdə sağ ayağının baldır sümüklərinin açıq sınığı xəsarətləri alıb. Ona göstərilmiş tibbi yardıma baxmayaraq Qəbələ rayonunun Diaqnostika Mərkəzində 25 dekabr 2021-ci il tarixdə vəfat edib. Fakta görə Qəbələ Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozma) ilə cinayət işi başlanılaraq istintaq aparılması üçün Qəbələ rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilib.  

Hazırda cinayət hadisəsinin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir”.

Lamiyə Məmmədova