Orxan Fikrətoğlunun “Milçəy”i

orxan-fikretoglunun-milceyi
Oxunma sayı: 1063



Milçək

Balaca, qara adamdır. Yol yerişi vızıltılı, oturuşu yüngüldü. Beyni dilindən iti işləyir, əməlləri kiçikdir. Demək olmaz ki, Allah onu tanımır, amma bəxti olan adam da deyil! Sakitcə yumurlanıb yatıb. Üstünə örtdüyü içi boş yorğan çiyinləri tərəfdən elə köpürüşüb ki, deyirsən qanadları var. Oyanan kimi saata baxır. İyirmi beş dəqiqəyə özünü işə çatdırmasa yenə maaşından tutacaqlar. Borcu çox olduğundan son vaxtlar işə gecikmir.

Mətbəxə boylanır. Arvad səhərin gözü açılmamış sobada çörək qızdırır. Köhnə gödəkçəsini geyinib, çantasını da qapının ağzında yenə it kimi oturdub. Çörək od üstündə çırtıldadıqca, arvad da çırt-çırt deyinir. Arvadının küsüb atası evinə getməsi son illər adi hala çevrilib. Qəribəsi də budur ki, haçan və nədən küsdüyünü o, heç özü də bilmir. Bütün bu küsülərin kökü əslində dərindədir. İçinin darıxan, adamayovuşmaz qorxusunu hər dəfə küsüb-barışmaqla soyudan arvadının bu dərinlikdən xəbəri yoxdu. Küsüb getmək ər qəlibinə sığmayan, kasıb, özü bildiyi kimi yaşayan ərinə arvad tərəfindən bioloji cəza tədbiridir. Beləcə vaxta təvəkkül yaşayır.

Qalxıb yuyunur. Səhər yeməyi hazır deyil. Arvadı sözə bənddi. Çənə döysə həm işə gecikəcək, həm ac qalacaq, həm də hirslənəcək! Son vaxtlar hirslənən kimi qulağından içinə külək dolur. Günlərlə beləcə içi vızıltılı gəzir. Gözü gördüyünü seçmir. Yazmaqdan savayı əlindən heç nə gəlmir. Yazısı çap olunmayanda borc alır. Bu gün sifarışlə yazı almalıdır. Hirslənmək istəmir. Ütüsüz şalvarını geyinib, dolabdan qisaqol qara köynəyini tapır. Çəkmələrini əlinə alıb barmaqlarının ucunda qapını açır. Çəkmələrini çöldə geyinir. Maraqla ona baxıb aşağı düşən qonşudan saatı soruşur. Doqquza lap az qalıb.

Dayanacaqda ləngiyir. İşə gecikir. Qapıcı adını “qara siyahıya” yazıb ədayla onu idarəyə buraxır. İçəri keçəndə çöbə müdiri ilə burun-buruna dəyir.
-Yenə gecikmisən? - şöbə müdiri deyir.
- Pulumdan tutursuz da! – deyib keçmək istəyir.

Müdir cənub ləhcəsini gizləyib deyəcəyi bəd xəbəri dilin mümkün bədii çalarları ilə bəzəyir ki, xəbər ona pis təsir etsin: “Dünənki yazına bir fındıq! Nömrədən çıxartdım! Zəif yazmışdın, həm də qərəzli idi, dili də bərbad. Üç gün sərasər işlətdiyin yanacağın pulunu da maaşından çıxacam! Get otur, izahat yaz, bəlkə rüşvət almısın?”
- Maaşımdan İraka da yardım edin!
- Sifarişi də səndən alıb, Leylaya verəcəm! Get izahatını yaz! Orxan Fikrətoğlu olub mənim üçün! Zarafat eləyir.
- Yazaram! – danışmağın mənasız olduğunu anlayıb otağa girir.

Otaq yoldaşları “qayğısız gənclikdir”. Geyinib-keçinib pul qazanırlar. Hamısı “görüm-baxıma” işləyir. Pulla adam tapıb “xalq atası” eləyəndən sonra ondan “cib xərci” alırlar. Çoxusuna borcu var. Elə bu borca görə də onların məntiqsiz cızma-qaralarına düzəliş verir. Hər gecə borcunu qaytarıb onların əvəzinə daha yazı yazmayacağını düşünür. Amma nə edirsə, xeyri yoxdur, maaşdan-maaşa borcu artır. Yenə mizin üstü yarımçıq yazılarla dolurdu. İş yoldaşlarının başı təzə qəzetlərə qarışıb. Onun gəlişini sezmirlər. Otaqdan çıxıb yeməkxanaya düşür. Çay sifariş verir. Baş redaktorun katibəsi yenə ağlayır. Katibə ilə baş redaktor arasında yalnız özlərinin gizli bildiyi, hamı çün aşkar sevgi işi vardı. Katibə baş redaktorun onu hər gün bir sarışın qızla xəyanət etməsindən danışır. Sən demə, bu sarışın qız adam deyil “göl balığıdır”. Katibə hər dəfə o qız gedəndən sonra döşəmədən qızılı “balıq pulcuqları” tapır. Səbirlə katibəni dinləyib ayağa qalxır. Papiros çəkmək üçün dəhlizin başındakı iri, divar əvəzi şüşəyə söykənir. Hava istidir. Pəncərədən tərli şəhər görünür. Adamlar, evlər səssizdir. Elə bil dünyanın səsi tutulub. Lap yaxından eçidilən qəfil milçək səsi sükutu pozur. Gözü pəncərədə vızıldayan əksinə sataşır. Balaca, qara milçəkdir. Qanadları yeyin, oturuşu yüngüldür. Yumurlanıb oturub. İçinə yenə qulağından külək dolur. Sinəsi vıyıldayır. Hiss eləyir ki, bərk hirslənib. Hirslənməyinin səbəbini xatırlaya bilmir. Yumruğu ilə şüşədəki əksini vurur. Şüşə çatlayır. Vızıltı artır. Barmaqları ucunda hoppanıb başı ilə şüşəni sındırır. Kəsiklər və şəhərin səsi döşəməyə səpələnir. Şüşə qırıntıları əlini, üzünü kəsib qanadır. Səsə otaqlardan redaksiyanın işçiləri çıxır. Ona hamıdan tez çatmış şöbə müdiri içi istehza dolu səsi ilə “neyləyirsən”- soruşur.

- Uçdu? – deyir.
- Kim uçdu? – şöbə müdiri bu dəfə səsini boğur!
- Milçək!
Şöbə müdiri nədənsə sevinə-sevinə, onlara tərəf gələn redaksiya işçilərinə göz vurub:
- Kim? – soruşur.
- Milçək.
Şöbə müdiri və onun başına toplaşmış iş yoldaşları neçə il birgə işlədikləri adamın yanlız indi milçək olduğunu görüb heyrətlə bir-birinə baxırlar. Hamıdan tez özünə müdirin katibəsi gəlir: - Mən ondan çoxdan şübhələnmişdim – deyir – o, həmişə “adam” görən kimi harasa qaçmaq istəyirdi.


Çevrilmə


Kapitan kürəyini nəm həbsxana divarına söykəmişdi. Kiçik nəfəslikdən içinə düşən ölgün ay işiği altında ağ saçları göyümtül rəngə çalırdı. Gözlərini yumuşdu. Kiprikləri titrəyirdi. Nəzarətçi ağır həbsxana qapısını açıb içəri girəndə kapitanın sağ gözün səyirdi. Nəzarətçi fit çala-çala keçib ay işığının qarşısında durdu. Kapitan gözlərini qırpa-qırpa:

- “Oradan şəkil” – qışqırdı.

Nəzarətçi divara qısıldı. Güssəli nəzarətçi iri əllərində isti su dolu parça və kapitanın üzünü qırxmaq üçün hazırladığı ülgüc tutmuşdu.

Kapitanın xofu hələ ölkə camaatının canındaydı. Hərbi çevriliş zamanı nəzarətçi evdən bayıra çıxmamışdı. Qəddarlığı ilə ad çıxartmış, reallıqdan çıxıb dastan qəhrəmanına çevrilmiş bir adamın devriləcəyinə inanmamşıdı. Tərslikdən, bu gün səhər üzünə ölüm hökmü oxunmuş, artıq bütün tərəfdarları öldürülmüş kapitanın son gecəsi onun növbəsinə düşmüdü. Səhərdən özünü əzgin hiss eləyirdi. Həbsxana rəisindən icazə alıb evə getmək istəmişdi. Rəis hirslənib onu otaqdan qovmuşdu. Bir az bundan əvvəl rəis evdən zəng vurub vəziyyəti öyrənəndən sonra, kapitanı sabahkı edama hazırlamaq əmrini vermişdi.

Nəzarətçi kapitana yaxınlaşıb dizləri üstündə oturdu, fırçanı isti su ilə dolu parçın içindəki sabun kəsiyinə sürtüb kapitanın üzünü sabunlamağa başladı. Kapitanın tükü də tərpənmədi. Handan-hana gözlərini açıb:

- “Səhər məni güllələyəndən sonra üzümə baxma!” – dedi.
Nəzarətçi dinmədi.
- Səninləyəm, üzümə baxmazsan! – qışqırdı.
- Baş üstə.
- Kapitan gözlərini yumub:
- Hansı alayın əsgərlərini gətirəcəklər? – soruşdu.
- Altıncı briqadanın!
Nəzarətçinin əlləri əsirdi. Kapitan nəzarətçinin qorxduğunu o, içəri girəndə sezmişdi. Gözlərini açıb:
- “Bir azadan üzümü qırxarsan” – dedi – “Nəfəsini dər!”

Nəzarətçi ayağa qalxıb popiros odladı. Mehribancasına kapitana baxdı. Günahkar-günahkar gülümsündü. Araya süküt çökdü. Sükutu kapitanın xırıltılı səsi pozdu:

- Qu quşu arxın axarı səmtə uçurdu. Kölgəsi yaşıl vələsin çiyninə düşmüdü. Uşaq idim, əyilə-əyilə gedib teleqraf dirəyinin arxasında gizləndim. Qu quşu duyuq düşdü. Kölgəsini götürüb uçmaq istədi. Hoppanıb gölgəsini tutdum... Mən heç vaxt canlı adam öldürməmişəm. Ancaq kölgələri qırmışam. Alma boyda göz yaşı görmüşəm. Tütün, içki içimə təpənməyib. Bunlara bax!... Axı siz kimsiniz ki, məni öldürürsünüz?... Hamınızı mən yaratmışam sizin... Hansı tərəfdəsən?
- Aran adamıyam.
- Dolu düşən il, aranda yüz min qoyun qırıldı!
- Bilirəm.
- Görəsən iydə ağacları çiçəklənib?
Nəzarətçi çiyinlərini çəkdi...
Kapitan gülümsündü – Çalış xırda adam olma! Adamlar qorxaqdı, onlara oxşama. Məni onlar qatil elədi. Elə bilirsən mən öləndən sonra, dünya düzələcək? Sabahdan başqası qıracaq onları...Çünki onlar buna öyrəşib. Gözlərim göynəyir.
Nəzarətçi papirosu divara sıxıb söndürdü. Kapitan:
- Neçə ildir evimin işöğını özüm yandırmıram – dedi. Allahdan qorxmuram mən nəyin harada bitəcəyini, qurtaracağını qabaqcadan bilirəm. Ürəyim yorulub. Ölmək istəmirəm. Ancaq vaxtım çatıb. Sən məndən qorxursan deyəsən?
- Yox!
- Yalan deyirsən. Sən peyğəmbərlərin nə dediklərini yaxşı bilirsən... ancaq mən dediklərimdən baş çıxara bilməzsən!
- Siz əsəbləşməyin. Səhərin açılmasına az qalıb!
- Anamın uzın barmaqları var idi... Ağac əkdim, bitmədi. Yaxşılıq elədim pislik çıxdı... Sabah dua oxumalıyam?
- “Deyərsiz ki, allah məni bağışla!”.
- Bir axşam necə oldusa göy üzünə baxdım. Günəş batmışdı. Gecə ləngərlənə-ləngərlənə gəlirdi. Qəfildən göyün qanadları sındı. Çiliklənmiş gecə içində ölü Allah ayaqlarım altına düşdü.
- Gözlərinizi yumarsız!...
- Su soyudu... Gəl üzümü qırx!
Nəzarətçi kapitana yaxınlaşdı. Əlləri əsə-əsə ülgücü açıb onu sabunu qurumuş qırışıq üzünə toxundurdu.
Kapitan: - “Qorxma” – pıçıldadı.
Nəzarətçi ülgücü kapitanın çənəsindən boğazına tərəf sürüşdürdü. Qəfildən hülqumun çəkdi. Qan nəzarətçinin üzünə fışqırdı. Kapitan:
-“Gözüm göynəyir!” – qışqırdı – “Su tök!”.
Nəzarətçi ülgücü kapitanın qarnına, böyrünə və nəhayət sinəsinə çəkdi. Sonra döşəməyə çökdü. Və hiss elədi ki, gözləri göynəyir. Əlində tutduğu bir parç suyu gözlərinə axıtdı. Gözləri durulduqca döşəmədə xırıldayan kapitanı gördü və dərk elədi ki, daha ondan qorxmur.
Nəfəslikdən içəri düşən ay işığı altında çabalayan kapitanın sağ tərəfindən qu quşunun kölgəsi qaralırdı.

Nəzarətçi hoppanıb kölgəni tutdu.