2022-ci ilin nəticələrinə əsasən, dünyanın hərbi sahədə fəaliyyət göstərən 100 nəhəng şirkətinin silah satışından və hərbi xidmət göstərilməsindən əldə etdiyi gəlir 597 milyard dollar təşkil edib. Bu isə 2021-ci ildə olduğundan 3,5 faiz azdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yer alıb.
İnstitutun analitiklərinin məlumatına görə, silaha tələbatın artmasına baxmayaraq, Amerika və Avropa şirkətləri silah istehsalını əhəmiyyətli dərəcədə artıra bilməyib. Ekspertlər bunu işçi qüvvəsinin çatışmaması, artan xərclər və tədarükdə yaşanan problemlərlə əlaqələndirirlər.
Bildirilir ki, ABŞ-nin 40 şirkətinin gəlirləri 7,9 %, yəni 302 milyard dollara qədər enib. Avropa şirkətlərinin gəlirləri isə 0,9 % artıb və təqribən 121 milyard dollar təşkil edib. Bununla belə, Asiya və Okeaniya ölkələrinin silah istehsalçılarının gəlirləri 3,1 % artaraq 134 milyard dollara çatıb. Silah satışı ilə bağlı ən çox artım isə Yaxın Şərqdə qeydə alınıb. Belə ki, burada gəlirlərin həcmi 11% artıb.