“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas

oyunlarimizi-texire-salmaga-ehtiyac-yoxdur
Oxunma sayı: 583

“Sabah” Misli Premyer Liqasının VII turunda səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

-Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itirdiyin xalları geri qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var.

İki güclü komanda bir-biri ilə qarşılaşdı, oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün bu, gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirlər, bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdilər. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq, “Slaviya” ilə çətin oyuna hazırlaşaq.

-“Slaviya” ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?

-Əlbəttə ki, bu, ola bilməz. Bu oyunu təxirə salsaq, gərək “Borussiya”, “Barselona” ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, bunu daha da artıraq.

-Belə ağır oyundan sonra ÇL matçına hazırlaşmaq çətin olmayacaq?

-Mən bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir. Onu yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiniz, öz yazınızı yazırsınız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır. Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən komanda “Sabah” oldu.

-Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?

-Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç istisna olmaqla, start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik.

-Ötən mövsüm də “Neftçi” ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsınız. İşiniz daha da ağırlaşıb?

-Əlbəttə ki, bu, bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik. Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik. Bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik.

-1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?

-Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiniz.