“Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirildi - Fotolar

“Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirildi
Oxunma sayı: 1565

Saatlı rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, Saatlı Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıqçılıqla məşğul olan 250-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Saatlının kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir:

“Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb”.

Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib. 

Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, qabaqcıl fermerlərin və dövlətlərin təcrübələrinin,  eləcə də intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi