Paşinyanın partiyası yeni parlamentdə tam üstünlük qazanıb

pasinyanin-partiyasi-yeni-parlamentde-tam-ustunluk-qazanib
Oxunma sayı: 1449

Ermənistanın Mərkəzi Seçki Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələrini təsdiq edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan parlamentinin 8-ci çağırışının tərkibinə 107 millət vəkili daxil olacaq.

Hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hakim “Vətəndaş razılaşması” partiyası parlamentdə tam üstünlüyünü təmin edib. Belə ki, parlamentdə bu partiyanı 71 millət vəkili təmsil edəcək.

Bununla yanaşı, ölkənin sabiq Prezidentləri Robert Koçaryanın “Ermənistan” seçki bloku parlamentdə 29, Serj Sarkisyanın “Şərəfim var” bloku isə 7 kürsü qazanıb.

Yeni parlamentin ilk iclasının avqustun 2-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də baş tutub. Seçkinin nəticələrinə əsasən, “Vətəndaş razılaşması” partiyası səslərin 53,91%-ni, “Ermənistan” seçki bloku 21,9%-ni, “Şərəfim var” bloku isə 5,22%-ni qazana bilib.