Piramida üsulu ilə 10 minə yaxın şəxsi aldatmışdılar - Ağır cəza verildi

piramida-usulu-ile-10-mine-yaxin-sexsi-aldatmisdilar
Oxunma sayı: 6648

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva və  Yeganə Məmmədova isə hər biri 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, müttəhimlər qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.

İttihama görə, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə təbliğatını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə, əslində, mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edib, ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları müəyyən edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham verilib.

İş üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Sail Ağasəlim