Polis şöbəsində halı pisləşib ölən şəxs özünü vəkil kimi tanıdıbmış

polis-sobesinde-hali-pislesib-olen-sexs-ozunu-vekil-kimi-tanidibmis
Oxunma sayı: 4432

Dünən axşam saatlarında Kürdəmir Rayon Polis Şöbəsində halı pişləşən və xəstəxanada vəfat edən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən 1968-ci il təvəllüdlü Oktay Əliyev özünü vəkil kimi təqdim edibmiş.

Belə ki, bir müddət əvvəl Kürdəmir sakini həbsdə olan qohumunun azadlığa çıxarılması üçün vəkil axtarışına çıxıb və Bakıda Oqtay Əliyevlə tanış olub. O.Əliyev ona həmin şəxsi məhkəmə vasitəsilə azadlığa buraxdıracağına söz verib və bunun müqabilində 38 min manat alıb. 

Özünü vəkil kimi təqdim edən, əslində isə Vəkillər Kollegiyasının üzvü olmayan şəxs həmin vəsaiti Bakıdan Kürdəmirə gedərək Dördyol adlanan ərazidə alıb. Lakin xeyli vaxt keçsə də, o, vədinə əməl etməyib. Bundan sonra pulu verən tərəf O.Əliyevdən polisə şikayət edib və onun barəsində cinayət işi açılıb.

Dünən isə polisin çağırışı əsasında O.Əliyev Bakıdan Kürdəmirə gedib. Vəkilinin iştirakı ilə aparılan dindirilmə zamanı onun təzyiqi yüksəlib. Dərhal təcili tibbi yardım briqadası çağırılıb və O.Əliyev xəstəxanaya çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq O.Əliyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza