İsraildə İran kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən müstəqil jurnalist saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Nəşr yazır ki, sözügedən məsələdə maraqlı məqam şübhəli şəxsin məhz özünün polisə müraciətindən sonra həbs edilməsidir. Belə ki, yanvarın sonunda naməlum şəxslərin ona sosial şəbəkələr vasitəsilə müraciət etdiyini görən jurnalist vəziyyətdən şübhələnərək polisin kiberşöbəsinə məlumat verib.
Lakin onun bu müraciəti İsrail Ümumi Təhlükəsizlik Xidməti (Şin-Bet) tərəfindən fərqli qiymətləndirilib. İstintaqın iddiasına görə, jurnalistə pul müqabilində Qüdsün mərkəzi küçələrinin və etiraz aksiyalarının fotolarını çəkmək təklif olunub. Jurnalist əvvəlcə bunun peşə fəaliyyəti ilə bağlı adi bir təklif olduğunu düşünsə də, sonradan müraciətin arxasında xarici agentlərin dayana biləcəyini ehtimal edərək hüquq-mühafizə orqanlarına üz tutub. Polis və kəşfiyyat orqanları onun saxlanılma müddətini 8 gün uzatmağa çalışsalar da, vəkillərin şikayəti əsasında apellyasiya məhkəməsi bu vəsatəti rədd edib.
Qeyd edək ki, məhkəmə qərarı ilə jurnalist hazırda ev dustaqlığına buraxılıb. Jurnalistin vəkili bildirib ki, müvəkkili cinayətkar deyil, əksinə, dövlətə kömək etmək istəyən bir vətəndaş kimi davranıb və polisin onu şübhəli şəxsə çevirməsi absurddur.
Son xəbərlər
Son Xəbərlər