Pozuntular aşkarlandı - Fəaliyyəti dayandırıldı-Video

pozuntular-askarlandi
Oxunma sayı: 906

Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.   

Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 4 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı, həmçinin 1 ədəd maye qaz tutumunun istismar müddətinin bitdiyi və texniki diaqnostikaya cəlb olunmadığı, eləcə də 3 ədəd qeydiyyatda olmayan maye qaz tutumunun tam texniki müayinəsinin aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.