İran Prezidenti İbrahim Rəisini müşayiət edən helikopterdə olan Aparat rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğraması barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Q. İsmaili bildirib ki, uçuş zamanı hava şəraiti əlverişli olub, bulud örtüyü məhdud ərazidə qeydə alınıb: “Günorta saat bir radələrində heç bir dəyişkən hava şəraiti olmadığı üçün aydın havada Təbrizə uçuş başladı. Təxminən 45 dəqiqəlik uçuşdan sonra mədən yaxınlığındakı dərədə bulud müşahidə olunurdu. Prezidentin olduğu helikopterin pilotu səhra komandiri kimi həmkarlarına dedi ki, buludlardan yuxarı çıxmaq lazımdır, buna görə yüksəkliyə qalxmalıdırlar. Ortadakı helikopter prezidenti aparırdı. Bizim pilotumuz buludların üzərində 30 saniyə gedəndən sonra ortadakı helikopterin olmadığını gördü”.
Aparat rəhbərinin sözlərinə görə, bundan sonra onun göyərtəsində olduğu helikopter geri qayıdıb: “Pilotdan qayıtmağının səbəbini soruşanda ortadakı helikopterin gəlmədiyini dedi. Biz qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Heç bir radio rabitəsi qurmaq cəhdimiz mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni müşahidə etməyə başladıq”.