COP29 qlobal sülhə töhfə verəcək

cop29-qlobal-sulhe-tohfe-verecek
Oxunma sayı: 3048

Avropada iqlim sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin və “beyin mərkəzləri”nin aparıcı nümayəndələrinin iştirakı ilə Almaniyanın Bonn şəhərində keçirilən “COP29 və sonrası – sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda dialoq formatlı konfrans işini başa çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, konfransda sülh, təhlükəsizlik və iqlim dəyişikliyi problemlərinin konkret klasterləri olan su ehtiyatlarının azalmasına qarşı tədbirlər, qida təhlükəsizliyinin gücləndirilməsi, iqlim dəyişikliyi və minaların ikili təsirlərindən əziyyət çəkən əhaliyə dəstək mövzularında müzakirələr aparılıb.

COP29 sədrliyinin nümayəndəsi kimi konfransda yekun məruzə ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov qeyd edib ki, qlobal iqlim dəyişikliyi və beynəlxalq sülhə aid məsələlər bir-biri ilə sıx bağlıdır və qarşılıqlı təsirə malikdir.

“Getdikcə daha çox dəlillər göstərir ki, müharibələr və münaqişələr, eləcə də onların nəticələri - biomüxtəlifliyin məhv edilməsi, zərərli maddələrin emissiyası, minalarla çirklənmə təkcə ətraf mühiti çirkləndirmir, həm də bəşəriyyəti iqlim dəyişikliyinin geri dönüşü olmayan qırmızı xəttinə daha da yaxınlaşdırır”, - deyən E.İskəndərov bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un bu təhlükələrin müzakirəsi və konkret həll yollarının tapılması üçün mühüm imkan olduğunu bildirib.

Səfir xüsusi vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyinə yekdilliklə seçilməsi dünya birliyinin ölkəmizin siyasi iradəsinə və hamının maraqlarını nəzərə alaraq qlobal problemlərin həllinə töhfə vermək qabiliyyətinə etimadının sübutudur. Azərbaycan “Sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” məsələləri kompleksinin vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərin də iştirakı ilə geniş müzakirəsi üçün imkanlar yaratmağa sadiqdir və bu sahədə konkret təkliflərə açıqdır.

Azərbaycanın sədrliyi ilə bağlı son bir ayda beynəlxalq QHT nümayəndələri ilə görüşlərin keçirildiyini diqqətə çatdıran diplomat bunun ölkəmizin COP29-un inklüzivliyi ilə əlaqədar bəyan etdiyi prinsipi həm də gerçəkləşdirməkdə israrlı olmasının göstəricisi kimi qiymətləndirib.