“Putinin Azərbaycana səfərində qabaq ümidvar idim ki...”

putinin-azerbaycana-seferinde-qabaq-umidvar-idim-ki
Oxunma sayı: 2802


“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Hazırda pasport məsələnizlə bağlı vəziyyət necədir?

- Tam dəqiq heç nə bilmirəm. Məsələ ondadır ki, vaxt azdır. Milli Şura iyulun 2-də vahid namizəd olmağımı təsdiqlədi. İyulun 8-də Rusiya vətəndaşlığından çıxmaqla bağlı müraciət etdim. Beş-altı gün ərzində bilmirdim ki, konkret hara müraciət etmək olar. Vətəndaşlıq məsələsinə aidiyyəti olan çox idarə var, amma yalnız birində bu məsələyə baxırlar. Oradan mənə bildirdilər ki, ərizəni qəbul etmək üçün başqa sənədlər də lazımdır. Rusiyanın daxili işlər və vergi orqanlarından Rusiya dövləti qarşısında heç bir öhdəliyimin olmadığını təsdiqləyən sənədlər almalıydım, bunu sənədlərlə sübuta yetirməliydim. Bu sənədləri yığmaq çox uzun vaxt aldı. Avqustun 12-də bütün sənədləri onlara çatdırdım. Ayın 13-də mənim ərizəmi qeydiyyata aldılar. Halbuki ərizəni iyulun 8-də yazmışam. Ərizəmin qeydiyyata alınmasından cəmi 10 gün keçib.

Mən vəziyyətin necə olması haqda açıq danışmaq istəyirəm. Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etməmişdən qabaq ümidvar idim ki, mənim işimə istisna hal kimi tez baxacaq, qərar verəcək. Amma təəssüf ki, birdən-birə Vladimir Putin Bakıya getdi. Hələ indi də heç kim bilmir ki, necə oldu Putin birdən-birə Bakıya səfər etdi. Putin Azərbaycandan qayıdandan sonra mənim məsələm qeyri-müəyyən qaldı. Nəyə görə? Çünki iki ölkə müxtəlif sənədlərə qol çəkib. Ancaq səfərin əsas mənası və məqsədi Vladimir Putinin İlham Əliyevə dəstək verməsidir. Rusiya prezidenti Azərbaycana səfər etməklə bunu açıq formada göstərdi. Onun səfərindən sonra Azərbaycanda kimin Rusiya layihəsi olduğunu hamı bildi. Müraciətimin qeydə alınmasından on gün keçib, hələ bir cavab yoxdur. Səmimi deyim ki, indiki vəziyyətdə Putinin mənim sənədlərimə qol çəkəcəyinə inanmıram.

Digər tərəfdən Vladimir Putini də günahlandırmaq olmaz. Çünki adətən vətəndaşlıqdan çıxmaqla bağlı müraciətlər aylar sonra cavablandırılır. Deməli, o mənə görə qanunları pozmalıdır və sənədimə tez qol çəkməlidir. Mən buna inanırdım. Amma o, Bakıya getdikdən sonra nə oldusa, heç kəs bilmədi. Ola bilər ki, sənədlərimlə bağlı məsələ bir-iki günə yekunlaşmasın, iş tezliklə həll olunmasın.

Lakin bildirmək istərdim ki, birincisi, mənim heç bir ölkə, o cümlədən Rusiya qarşısında heç bir öhdəliyim yoxdur və prezidentliyə namizəd kimi təsdiqlənməyim üçün əlimdə kifayət qədər əsaslar var. Bu barədə Mərkəzi Seçki Komissiyasına da yazmışam. Rusiya dövləti qarşında heç bir öhdəliyim yoxdur. Burada nə mülküm var, nə vergi verirəm, nə də maaşlı iş yerim var. Bu da əsas məsələdir.

İkincisi, Azərbaycan Konstitusiyasında aydın yazılıb ki, ikili vətəndaşlığı olan şəxs prezidentliyə namizəd ola bilməz. Mənim ikili vətəndaşlığım yoxdur, ikinci vətəndaşlığım var. İkinci vətəndaşlıq isə Azərbaycan Konstitusiyasında ümumiyyətlə qeyd olunmayıb. Ona görə hüquqi işlərlə məşğul olan böyük bir beynəlxalq fonda müraciət etdim. Bunu təhlil etdilər və rəy verdilər ki, prezident seçkisində iştirak etməyim üçün heç bir əngəl yoxdur, hazırkı durumum seçkidə iştirak etməyə imkan verir.

Avqustun 22-də Azərbaycanın bir neçə saytında Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın adından açıqlama yayılıb. Məlumatda iddia olunur ki, guya Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova ilə əlaqə saxlayıblar və guya o deyib ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün avqustun 13-də müraciət edib. Onun adından başqa bir yalan informasiya da yayıblar. Guya mətbuat xidmətinin əməkdaşı bildirib ki, Rüstəm İbrahimbəyovun ABŞ-da yaşamaq hüququ var və sair.

Avqustun 23-də Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidməti ilə əlaqə saxladım. Bu məlumatlar tamamilə yalandır. Azərbaycandan və Rusiyadan heç kim Rusiya Federal Miqrasiya Xidmətinə zəng etməyib, mənimlə bağlı sual verməyib. Mətbuat xidməti də bu mövzuda heç kimə açıqlama verməyib. Zalina Vladimirova hazırda məzuniyyətdədir. Onun adından yalan məlumat yayıblar. Heç kəs ona müraciət etməyib və heç kəsə də o, belə cavab verməyib. Onun adından yayılan xəbəri eşidəndə özü də təəccüblənib.

- Gələcək planlarınız nədir? Rusiya vətəndaşlığından çıxmaq haqda sənədi almasanız belə, Azərbaycana qayıdacaqsınızmı? Seçki dövründə Bakıda olmağa qərar vermisinizmi?

- Milli Şuranın sədriyəm və prezidentliyə namizədliyimin qeydiyyata alınması üçün cəhdlərimi davam etdirəcəm. Əgər mümkün olmasa, biz birləşib Milli Şuranın bütün imkanlarından istifadə edib professor Cəmil Həsənlinin qələbəsi üçün çalışmalıyıq, hər cür dəstək olmalıyıq.

Bakıya qayıtmağa gəlincə, hesab edirəm ki, əgər prezidentliyə namizədliyimi qeydiyyata almasalar, məni seçkiyə buraxmasalar, Azərbaycana qayıtmağım bir qədər ağılsızlıq olar. Çünki burada olmaqla prosesə daha çox dəstək verə, kömək edə bilirəm. Azərbaycana qayıtsam, məni həbsxanaya atacaqlar, təcrid edəcəklər və bu prosesə heç bir kömək edə bilməyəcəm. İndi bu iki variantdan birinə üstünlük verməliyəm.

İqtidar elə bir qorxuya düşüb ki, hamını həbs etməyə hazırdır. Nicat Quliyevin (sabiq xarici iqtisadi əlaqələr naziri, bu il avqustun 7-də həbs olunub – red.) işinə baxın. Nicat Quliyev bir neçə dəfə mənə zəng edib. Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi. Amma iqtidarın belə bir qorxuya düşməsinin səbəblərini bilmirəm. Ona görə də indi hər şeyə gedərlər.