Qara dənizdə vurulan gəminin heyəti təxliyə edildi - Yenilənib

qara-denizde-vurulan-geminin-heyeti-texliye-edildi
Oxunma sayı: 699

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə dron hücumu nəticəsində 4 heyət üzvü yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Türkiyədən Rusiyaya təzə meyvə-tərəvəz daşıyan “NADHEZNA” adlı “Ro-ro” tipli gəmiyə dron hücumundan sonra yanğın baş verib. Hadisə nəticəsində 3-ü Türkiyə vətəndaşı olmaqla 4 heyət üzvü xəsarət alıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə getdiyi və hücumun Novorossiyskdən 30 dəniz mili (təxminən 56 km) məsafədə baş verdiyi bildirilib.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edərək, əməliyyatda 6-7 drona bənzər vasitədən istifadə edildiyini qeyd edib. Kapitan kömək gözlədiklərini və yaralıların olduğunu vurğulayıb.

Qeyd olunub ki, hücumdan sonra başlayan yanğına gəmi heyəti müdaxilə edib. Ərazidə dronların hərəkətdə olması səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiyə yaxınlaşmaqda çətinlik çəkdiyi bildirilib.

***

Qara dənizdə dron hücumuna məruz qalan “NADEZHDA” adlı “Ro-Ro” tipli gəmidəki dənizçilər təhlükəsiz şəkildə təxliyə olunub.

Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Novorossiysk limanından Samsuna doğru hərəkət edən gəmi Novorossiyskdən təxminən 20 dəniz mili məsafədə dron hücumuna məruz qalıb. Flotiliyanın heyəti 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 nəfərdən ibarətdir.

Məlumatda bildirilir ki, ilkin qiymətləndirmələrə əsasən, gəminin yaşayış hissəsinə və burun tərəfinə ziyan dəyib, gəmidə yanğın davam edir:

“Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi (MRCC Novo) ilə aparılan danışıqlar nəticəsində gəmidəki dənizçilərin Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə edildiyi öyrənilib. İlkin məlumatlara görə, 3 heyət üzvünün səhhətinin ağır ola biləcəyi bildirilib. Qəza zonasında dron hücumu riski davam etdiyi üçün gəmidəki yanğının söndürülməsi və xilasetmə əməliyyatını həyata keçirmək hələlik mümkün olmayıb. Proses diqqətlə izlənilir”.