“Qorxdum ki, “12-ci imam” kitabımı bağlayar, gedərəm cəhənnəmə” - “Şaurma”nın sahibi

qorxdum-ki-12-ci-imam-kitabimi-baglayar-gederem-cehenneme
Oxunma sayı: 7859

Özünü 12-ci imam kimi təqdim edərək bir qrup şəxsi aldadıb pullarını mənimsəyən Aqil Babayevin məhkəməsi davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş, "Şaurma N1" restoranlarının sahibi Natiq Sadıqov ifadə verib. O, A.Babayevi 2004-cü ildən tanıdığını deyib:

"Görürdüm ki, ona hərə bir cür xidmət edirdi. Mən də onun imamlığını qəbul etdim. Bizə deyirdi ki, Allahın məsləhət bildiyi vaxt zühur edəcəm. Günlərin birində bizi toplayıb özünün imam olduğunu elan etdi. Hamıya da bildirdi ki, bu sirrin qorunması üçün Allahın tapşırığı var. Biz də fəxr etdik ki, Allah bizə belə bir sirr açıb.

Lifti xarab oldu, təmir etdirdim, evi yandı, təmir etdirdim. Xocahəsəndə həyət evi tikib hədiyyə elədim. Evi bəyənmədi, satıb pulunu ona verdim. Özümə 132 min manat qiyməti olan iki maşın aldım, birini ona verdim. Bizə qanun qoymuşdu ki, zəkat vermək lazımdır. Hər ay minimum 2 min manat zəkat verməli idik. 2007-ci ildən zəkat verməyə başladım. Daha sonra mənə dedi ki, ev tikək, kasıblara paylayaq. Sonra onun hicablı qadınlarla əxlaqsız hərəkətlərini eşitdik, çox sarsıntı keçirdim. Onun əsl kimliyini başa düşəndən sonra pulumu geri istədim. Dedi ki, qəpiyinə kimi qaytaracam. 173 min manat zəkat vermişəm, əlavə olaraq da Aqil mənə 370 min manat maddi ziyan vurub".

Prokurorun "Sizi nə sövq edirdi ki, buna səcdə edirdiniz" sualına zərərçəkmiş şəxs "Qorxurdum kitabımı bağlayar, gedərəm cəhənnəmə" - deyə cavab verib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

İttihama əsasən, A.Babayev 2007-2020-ci illərdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi olmasına inandırıb. Yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. A.Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanılır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara zorakılıq edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş var. Onun aldatma yolu ilə vətəndaşlara vurduğu ümumi ziyanın məbləği 2,5 milyon manatdır.

Amin Nəzərli