ABŞ Prezidenti Donald Tramp 8 may tarixini İkinci Dünya müharibəsində Avropadakı “tiranlıq və şər üzərində qələbə günü” elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, 1945-ci il mayın 8-də Nasist Almaniyasının amansız hökmranlığı süqut edib və bu qələbə xəbəri bütün dünyada azadlıq tarixinin həlledici dönüş nöqtəsinə çevrilib. Tramp bəyanatında nasizmə qarşı mübarizədə 250 mindən çox amerikalı hərbçinin canından keçdiyini vurğulayaraq onların qəhrəmanlığını və fədakarlığını xüsusi qeyd edib.
Qeyd edək ki, Amerika lideri daha əvvəl də dəfələrlə İkinci Dünya müharibəsini ABŞ-nin udduğunu iddia edib və bildirib ki, əgər ABŞ ordusu olmasaydı, bu gün bütün dünya alman və yapon dillərində danışardı. Bununla belə, Ağ Ev rəhbəri ABŞ-nin Rusiya və Fransa kimi Nasist Almaniyası üzərində qələbəni geniş şəkildə qeyd etməməsindən şikayətlənib.
Xatırladaq ki, Rusiyada İkinci Dünya müharibəsində qələbə hər il 9 mayda qeyd edilsə də, ABŞ və əksər Avropa ölkələrində bu tarix Almaniyanın kapitulyasiyasının imzalanma vaxtı ilə bağlı tarixi səbəblərdən bir gün əvvələ – 8 maya təsadüf edir.
Son xəbərlər
Son Xəbərlər