Rusiya və Ukraynanın üçgünlük atəşkəs elan etdiyini açıqladı

rusiya-ve-ukraynanin-ucgunluk-ateskes-elan-etdiyini-aciqladi
Oxunma sayı: 365

ABŞ Prezidenti Donald Tramp İkinci Dünya müharibəsində qazanılan Qələbə Günü münasibətilə Rusiya və Ukrayna arasında üçgünlük müvəqqəti atəşkəs razılığının əldə olunduğunu elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” platformasındakı hesabında paylaşım edib.

Trampın sözlərinə görə, mayın 9-dan 11-nə qədər davam edəcək atəşkəs dövründə bütün hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.

Razılaşmanın ən diqqətçəkən bəndi isə tərəflər arasında hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsinin həyata keçirilməsidir. ABŞ lideri bu təşəbbüsün şəxsən onun tərəfindən irəli sürüldüyünü və Ukrayna Prezidenti Volodimir Zelenskinin bu addımı dəstəklədiyini bildirib.

“Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sona çatmasının başlanğıcı olacaq”, – deyə Tramp qeyd edib.

O, həmçinin tərəflərin münaqişənin tamamilə başa çatmasına hər gün bir qədər də yaxınlaşdıqlarını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl də Donald Tramp Ukrayna münaqişəsini qısa müddətdə həll edəcəyi ilə bağlı bir sıra bəyanatlar səsləndirmişdi.