Üzərində “qiyamət simvolu” olan 1000 illik xəzinə tapıldı

uzerinde-qiyamet-simvolu-olan-1000-illik-xezine-tapildi
Oxunma sayı: 533

Danimarkada aparılan arxeoloji araşdırmalar zamanı XI əsrə aid nadir gümüş sikkələr aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, dünyada cəmi 30-a yaxın nümunəsi məlum olan bu sikkələr “Apokalipsis” və ya “Qiyamət” simvollarını daşıyır.

Tapıntılar Yutland və Tay bölgələrində metal detektorlarla aparılan səth araşdırmaları zamanı üzə çıxıb. Aşkarlanan sikkələrin üzərində xristianlıqda “Tanrının quzusu” mənasını verən “Agnus Dei” təsviri yer alır.

Danimarka Milli Muzeyi tərəfindən qorunan artefaktların 1009-cu ildə, İngiltərənin vikinq hücumları ilə üzləşdiyi dövrdə zərb edildiyi müəyyən olunub.

Sikkələrin üzərində Bibliyanın “Vəhy” kitabı ilə əlaqələndirilən yunan hərfləri “Alfa” və “Omeqa” həkk olunub. Bu simvollar “başlanğıc və son” mənasını verir və qiyamət peyğəmbərlikləri ilə əlaqələndirilir.

Tədqiqatçılar hesab edir ki, bu işarələr həm xəbərdarlıq, həm də ümid mesajı daşıyıb və xristian inancında şərin məğlubiyyətini simvolizə edib.

Tarixi mənbələrə görə, İngiltərə kralı Etelred 1009-cu ildə vikinq hücumları zamanı xalqı oruc tutmağa və sədəqə verməyə çağırıb.

Bildirilir ki, həmin dövrdə zərb olunan dini motivli sikkələr bir növ mənəvi müdafiə vasitəsi hesab olunurdu. Lakin sonradan bu sikkələrin vikinq basqınları zamanı qənimət kimi Danimarkaya aparıldığı ehtimal edilir.

Danimarka Milli Muzeyinin məlumatına görə, bu tip “Agnus Dei” sikkələrinin dünyada çox məhdud sayı mövcuddur. Yeni tapılan iki nümunənin orta əsr pul sistemi, sikkə zərb texnologiyası və Vikinq-Britaniya əlaqələri barədə araşdırmalara mühüm töhfə verəcəyi bildirilir.