ABŞ boş tankerlərə zərbələr endirdi

abs-bos-tankerlere-zerbeler-endirdi
Oxunma sayı: 342

ABŞ hərbçiləri Hörmüz boğazı vasitəsilə İrana daxil olmağa çalışan boş neft tankerlərinə hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı yayıb.

Bildirilir ki, ABŞ ordusu İrana qarşı tətbiq edilən blokadanı yarmağa cəhd göstərən bir neçə boş tankeri hədəfə alıb. Yüksəkrütbəli amerikalı rəsminin verdiyi məlumata görə, hücum zamanı “VLCC” klasına aid olan iri neft tankerləri vurulub.

Qeyd edək ki, Hörmüz boğazında gərginlik artmaqda davam edir. Belə ki, bir gün əvvəl hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə olaraq Çinə məxsus tanker də hücuma məruz qalıb. Atəş nəticəsində gəmidə yanğın baş versə də, hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. İrandan ən çox neft alan tərəf olan rəsmi Pekin Tehranı boğazda təhlükəsizliyi təmin etməyə çağırıb.

Xatırladaq ki, mayın 6-da ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcısı İranın “M/T Hasna” tankerinə atəş açaraq onu sıradan çıxarmışdı. Oman körfəzi yaxınlığında baş verən həmin insident zamanı “USS Abraham Lincoln” aviadaşıyıcısından qalxan “F/A-18 Super Hornet” qırıcısı tankerin sükan mexanizmini hədəf almışdı. ABŞ tərəfi iddia edir ki, gəmi xəbərdarlıqlara məhəl qoymayaraq blokada şərtlərini pozub.

Məlumat üçün bildirək ki, bundan əvvəl tərəflər Hörmüz boğazının mərhələli şəkildə blokadadan çıxarılması ilə bağlı razılığa gəlmişdilər.