Rafael Ağayev vitse-prezident postundan istefa verəcək - Video

rafael-agayev-vitse-prezident-postundan-istefa-verecek
Oxunma sayı: 5285

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, məşhur idmançı özü “Sportlife TV”  iclaslara çağırılmadığı və heç bir iş görmədiyi üçün postundan gedəcəyini bildirib:

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”.

Lakin R.Ağayevin açıqlamasında diqqətçəkən məqam isə onun Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan ayrılmasını deməsidir. Əslində, o, Azərbaycan Karate Federasiyasının deyil, Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti olub.

Hansı ki, bu federasiyanın prezidenti Yaşar Bəşirovdur.

Y.Bəşirov saytımıza açıqlamasında R.Ağayevin Azərbaycan Milli Karate Federasiyasında vitse-prezident olduğunu təsdiq edib. Lakin o, bildirib ki, istənilən halda Azərbaycan Karate Federasiyası R.Ağayevi iclaslara çağırmalı idi: “Bütün federasiyalar rəsmi tanınan Azərbaycan Karate Federasiyasının tərkibində birləşib. Amma bu istiqamətdə biz işləyirik. R.Ağayev hamımızın bir məqsədə xidmət etməsinə görə bunu deyib. Ola bilsin ki, nəyisə deyərkən düz ifadə etməyib. Onunla söhbətimiz olub. Nə deyibsə, hamısını da mənə deyib. Deyir ki, məni heç yerə çağırmırlar, mənimlə heç kim danışmır, niyə burda qalım? Biz hamımız karateyə xidmət edirik və o, da Azərbaycan Karate Federasiyasının iclaslarına çağırılmalıdır. Vəzifəsini kənara qoyaq, Rafael karatedə dünyanın bir nömrəli idmançısıdır. Onun seminarlarının bir günü 3 min avrodur. Bu təcrübədən istifadə etmək lazımdır. Niyə çağırılmasın? Ona görə də Rafael inciyir və haqlıdır”.

Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev də R.Ağayevin federasiyada vitse-prezident olmadığını bildirib:

“Azərbaycan Karate Federasiyasının tərkibində 6 keçmiş federasiya  üslub kimi fəaliyyət göstərir. Onlardan biri də “Azərbaycan Milli Karate Federasiyası” İctimai Birliyidir. Amma o da digər status almamış federasiyalar kimi bizdə üslub olaraq (idman karatesi) qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir. 

Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında idmançı karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona “Milli Karate Federasiyası” İB -də vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Həmin İctimai Birlik bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz, ona biz heçnə edə bilmərik. Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərində dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edir. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim . Biz danışanda dedim ki, Rafael, görüşərik. Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç vaxt heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik”.