Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, mərhum sənətkar Birinci Fəxri xiyabanda dəfn olunacaq.
***
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Mədəniyyət naziri Adil Kərimlinin adından Rasim Balayevin ailəsinə başsağlığı verib.
Nazir müavini bildirib ki, Rasim Balayev adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıb. Onun rol aldığı filmlər bu günə qədər hər birimizin yaddaşında xüsusi yer tutur. Rasim Balayevin kinomuza verdiyi töhfələri sadaladıqca bitməz.
Daha sonra çıxış edən Xalq yazıçısı Anar qeyd edib ki, bu gün danışmaq çox ağırdır: “Azərbaycan kinosu yaşadıqca, Rasim də yaşayacaq. Biz onunla sənət dostu olmuşuq. Mənim bir çox ssenarilərimdə çəkilib, o, doğrudan da böyük sənətkar idi”.
Ardınca çıxış edən Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, doğrudan da Azərbaycan kinosuna ağır zərbə dəyib:
“Bu dəqiqə onun barədə keçmiş zamanda danışmaq olmur. Onunla planlarımız çox idi, deyiləsi sözlərim çox idi. O, şərəfli ömür yaşadı, Azərbaycan kino ailəsinin başçısı idi. Dostları, ailəsi və ən əsası Azərbaycan xalqı onu çox sevirdi”.
Daha sonra çıxış edən Xalq artisti Oktay Mirqasımov bildirib ki, Rasim Balayevlə bir neçə filmdə birlikdə işləyiblər:
“O, doğrudan da böyük aktyor idi. Həm dost, həm də aktyor kimi çox yaxşı idi. Onunla işləmək insana zövq verirdi. Rasim böyük aktyor olmağı bacardı”. Sonda Rasim Balayevin oğlu vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd edək ki, Rasim Balayev I Fəxri xiyabanda dəfn ediləcək.
Mərhum aktyorun oğlu Ülvi Balayev atası haqda bu fikirləri deyib:
“Ailəmiz üçün ağır gündür. Sözün bitdiyi andır. Gözümüzü açandan həmişə son sözü ailəmizdə Rasim Balayev deyib. Ona görə başqa söz deyə bilməyəcəyəm”.
Lamiyə Məmmədova
Foto: Xəyal Vəlizadə















Son xəbərlər
Son Xəbərlər