Azərbaycan Reqbi Federasiyası və Bədən Tərbiyəsi və İdman Mütəxəssislərinin Təlim-Tədris və İnkişaf Mərkəzi tərəfindən 20-22 dekabr 2021-ci il tarixlərində Qəbələ rayonunda reqbi idman növü üzrə məşqçilik təlimləri keçirilib.
"Qafqazinfo" xəbər verir ki, iştirakçılara Azərbaycan yığma komandasının baş məşqçisi Vaqif Səadətxan və "Qarabağ" Reqbi Klubunun rəhbəri “World Rugby” Level 1 Coach sertifikatının sahibi Eldar Kərimov nəzəri və praktiki təlimlər keçib.
Təlimlərin sonunda federasiyanın 1-ci vitse-prezidenti Elvar Osmanov, regionlar üzrə vitse-prezidenti Səbuhi Qarayev, qurumun Baş katibi Əliniyaz Mirzəyev Gəncə, Sumqayıt, Göygöl, Samux, Şəki, Xocavənd, Şamaxı, Göyçay, Naftalan, Oğuz, Qəbələ, Qarabağ və Qafqaz-Arena reqbi klublarını təmsil edən məşqçiləri müvafiq sertifikatlarla təltif ediblər.
Eyni zamanda üç gün davam edən təlimin sonunda federasiya rəsmiləri tərəfindən iştirakçılara reqbi topları və il ərzində ölkə yarışlarında qalib olmuş klublara fəxri fərmanlar təqdim ediblər.