Rza Pəhləvidən İran rəhbərliyinə xəbərdarlıq - Video

rza-pehleviden-iran-rehberliyine-xeberdarliq
Oxunma sayı: 7112

İranda 11 gündür davam edən etirazlar fonunda ölkənin keçmiş şahının oğlu Rza Pəhləvinin insanları küçələrə çıxmağa çağırdığı video sosial şəbəkələrdə rekord sayda izlənilib.

“Qafqazinfo” xəbər verir ki, İranda bir çox şəhərlərdə internetə çıxışın yavaşladılması və ya tamamilə dayandırılmasının bununla əlaqəli olduğu deyilir.

Rza Pəhləvi yanvarın 6-da xalqı küçələrə səsləyib:

“Bu gün ilk çağırışımı sizinlə bölüşürəm və hamınızı 8 və 9 yanvar tarixlərində, saat 20:00-da küçələrdə və ya hətta öz evlərinizdən şüarlar səsləndirməyə dəvət edirəm. Bu çağırışın nəticəsindən asılı olaraq növbəti çağırışı elan edəcəyəm”.

Daha sonra o, növbəti müraciətini yayılmayıb:

“Bu, İran silahlı və təhlükəsizlik qüvvələrinə birbaşa mesajdır; İran millətini müdafiə etmək üçün hərbi forma geyinmiş sizlər indi tarixi bir seçim qarşısındasınız.

İranın cəsur və birləşmiş xalqının tarix yazdığı bu günlərdə sizə sualım budur: tarixin hansı tərəfində dayanacaqsınız? Cinayətkarlarla, yoxsa xalqla?”

R.Pəhləvi qeyd edib ki, bu həlledici anlarda təhlükəsizlik qüvvələrini silahlarını insanlara atəş açmaq üçün deyil, onları qorumaq üçün istifadə etməyə səsləyib:

“Bunu etməklə siz yalnız milli borcunuzu yerinə yetirməyəcək, həm də öz gələcəyinizi və ailələrinizin gələcəyini qoruyacaqsınız”.

Onun paylaşımları bununla da yekunlaşmayıb. Növbəti müraciətində o bildirib ki, dünyanın gözü İranın üzərindədir.

“Küçələrə çıxın və vahid cəbhə olaraq tələblərinizi səsləndirin. İslam Respublikasına, onun liderinə xəbərdarlıq edirəm ki, dünya və ABŞ Prezidenti Donald Tramp sizi diqqətlə izləyir”.

R.Pəhləvi sonuncu paylaşımında bildirib ki, milyonlarla iranlı bu gecə azadlıq tələb etdi:

“Buna cavab olaraq İran bütün rabitə xətlərini kəsdi. İnterneti bağladı. Stasionar telefonları kəsdi. Hətta peyk siqnallarını da kəsməyə cəhd edə bilər.

Azad dünyanın lideri Prezident Trampa İranı məsuliyyətə cəlb etmək vədini təkrarladığı üçün təşəkkür etmək istəyirəm. Avropa liderləri də daxil olmaqla, başqalarının onun yolunu izləməsinin, sükutlarını pozmasının və İran xalqını dəstəkləmək üçün daha qətiyyətli hərəkət etməsinin vaxtıdır.

Onları səslərinin və iradələrinin eşidilməsi və görülməsi üçün İran xalqı ilə rabitəni bərpa etmək üçün mövcud olan bütün texniki, maliyyə və diplomatik resurslardan istifadə etməyə çağırıram. Cəsur həmvətənlərimin səslərinin susdurulmasına imkan verməyin”.

Qeyd edək ki, iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi ilə başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək 46 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı,  iki mindən çox insanın isə saxlanıldığı bildirilir.

Yaralananların əksəriyyətinin plastik güllələr və təsadüfi xəsarətlər nəticəsində zərər gördüyü qeyd olunur. İran hakimiyyəti ölənlər və yaralananlarla bağlı hələlik rəsmi statistika açıqlamayıb.

“Tasnim”in məlumatına görə, iğtişaşlar zamanı 568 polis əməkdaşı və 66 Bəsic üzvü yaralanıb.

ABŞ Prezidenti Donald Tramp etirazlarla bağlı açıqlamasında, nümayişçilərin öldürülməsi halında ABŞ-nin sərt addımlar atacağını bildirib. İran İnqilab Keşikçiləri Korpusu isə 5 yanvarda etirazçılara qarşı heç bir güzəşt olmayacağını bəyan edib.