Bu univesitet azərbaycanlı tələbələrin SAT nəticələrini qəbul etməyəcək?

bu-univesitet-azerbaycanli-telebelerin-sat-neticelerini-qebul-etmeyecek
Oxunma sayı: 5310

Çexiyanın nüfuzlu universitetlərindən sayılan Çarlz Universiteti (Charles University) imtahan yerindən asılı olmayaraq, orta məktəbi Azərbaycanda bitirənlərin SAT (Scholastic Aptitude Test - tələbələrin akademik qabiliyyətlərinin ölçülməsi və universitetlərin ərizələri qiymətləndirməsi üçün imtahan – red.) nəticələrini qəbul etməyəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə özəl tədris kurslarından birinin rəhbəri Zaur Maarif sosial şəbəkə hesabında yazıb. 

Universitetin bununla bağlı açıqlamasını paylaşan müəllim qeyd edib ki, sözügedən qərar yüksək SAT balı ilə universitetə qəbul olan tələbələrin universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı uyğunsuzluqla bağlı qəbul edilib: “Çarlz Universiteti rəsmi açıqlama verdi ki, 2026-2027-ci tədris ilində Azərbaycandan olan abituriyentlərin təqdim etdiyi SAT nəticələrini (xüsusilə riyaziyyat üzrə) artıq qəbul etməyəcək. Buna səbəb, tələbələrin daxil olarkən təqdim etdikləri yüksək SAT balları ilə universitet təhsili zamanı nümayiş etdirdikləri real akademik göstəricilər arasındakı ciddi fərq və uyğunsuzluqdur.

Bu qərarda ən böyük dərd və bizi düşündürməli olan məqam isə başqadır: universitetin rəsmi sənədində “aşağı korrelyasiya” (balların etibarsızlığı) səbəbi ilə adı xüsusi olaraq vurğulanan və qadağa qoyulan yeganə ölkə Azərbaycandır”. 

Müəllim həmçinin əlavə edib ki, hazırda xarici universitetlərə qəbul və təqaüd şansını artıran AP (Advanced Placement - orta məktəb şagirdlərinə xarici universitetlərdən dərs kreditləri və ya qəbulda üstünlük qazandıran proqram – red.) imtahanlarının da şəffaflığı sual altındadır: “Eyni suallardan ibarət olan imtahan bir həftə fərqlə keçiriləcək. Belə olan təqdirdə sualların əldə edilməsi asanlaşır. İkinci həftə imtahana girib “5” (maksimum bal budur) alan tələbə rahatlıqla qəbul ala biləcək. Ancaq universitetin imtahanında göstərici aşağı olduqda belə bir məlumatı digər universitetlərdən də almağımız qaçılmaz olacaq. Bu isə öz haqqı ilə qəbul olunmuş və təqaüd qazanmış tələbələrin gələcəyinə vurulmuş böyük bir zərbədir...”

***

Z.Maarif məsələni dəqiqləşdirmək üçün rəhbərlik etdiyi kurs tərəfindən Çarlz Universitetinə sorğu göndərildiyini qeyd edib:  “Keçən həftə  Çarlz Universitetinin qərarı haqqında paylaşım etmişdim. Həmin məsələni özlərindən soruşduq və cavabda bildirildi ki, birinci kursa yeni başlayacaq tələbələr üçün problem yoxdur, saədəcə keçən il universitetdə təhsil alıb aşağı nəticə göstərmiş tələbələr yenidən birinici kursu oxuya bilməyəcəklər. 

İkinci narahatlıq AP imtahanları ilə əlaqədar idi. Bu mövzuda da mərkəz tərəfindən imtahanların tamamilə fərqli olduğu və imtahana ciddi nəzarət edildiyini bildirən məktub aldım. 

Universitetin qərarı xaricdə təhsil almaq istəyən hər kəs üçün əsaslı bir xəbərdarlıqdır. Qəbula dil sertifikatı və SAT kifayət etsə də, yetərli baza olmadıqda oxumaq olduqca çətin olur. Bu da öz növbəsində stress, əlavə xərc, zaman və s. itkisinə xəbəb olur. Ona görə də oxumağı hədəflədiyimiz ixtisasa hazır getmək vacibdir”.