Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ölkə sərhədini qanunsuz keçmək ittihamı üzrə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi hökm çıxarıb.
Bu hökm Saakaşvili barəsində verilən sayca dördüncü qərar olub. Üçüncü hökm martın 12-si verilib və gürcü siyasətçi dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə 9 il müddətə azadlıqdan məhrum edilib. Bu, Saakaşvilinin daha əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunduğu və ümumilikdə 6 il müddətə azadlıqdan məhrum edildiyi hökmün üzərinə 3 il əlavə edib.
Gürcüstan qanunvericiliyinə əsasən, cəzanın müddəti 2021-ci il oktyabrın 1-dən hesablanır. Bununla da eks-prezident əfv edilməzsə və ya şərti sərbəst buraxılmazsa, 2034-cü ildə azadlığa buraxılacaq. Onun əfv edilməsi barədə qərarı isə Gürcüstan prezidenti verir.
Bununla belə, Saakaşvili barəsində 2007-ci ildə Tbilisidə etiraz aksiyasının güc yolu ilə dağıdılması və “Imedi” telekanalının ələ keçirilməsinə dair məhkəmə prosesi davam etdirilir.
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.