Sabahdan əmlakını sığortalamayanlar cərimələnəcək?

sabahdan-emlakini-sigortalamayanlar-cerimelenecek
Oxunma sayı: 12192

İyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı elektron sistem işə düşəcək. Bu sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq. Evini sığorta etdirməyən vətəndaşlara isə cərimə tətbiqi nəzərdə tutulur. Fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat cərimələnəcək. Bəs cərimələr hansı qurumlar tərəfindən necə tətbiq ediləcək? Sənədsiz evlərin aqibəti necə olacaq?

Mövzu ilə bağlı "Qafqazinfo"ya sığorta üzrə ekspert İlkin İbrahimov açıqlama verib.

O bildirib ki, cərimə ilə bağlı məsələ yenə əvvəlki qayda üzrədir. İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyasının olduğu qeyd edilir. Hüquqi şəxslərin cərimələnməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi, fiziki şəxslərlə bağlı isə yerli icra hakimiyyəti nümayəndələri inzibati protokol tərtib edə bilər.

“Lakin problem ondan ibarətdir ki, bu məsələ ilə bağlı fiziki şəxslər üçün inzibati protokolun nümunəsi yoxdur. İnzibati protokolun nümunəsi olmadığından sabahdan cərimələnmə mexanizmini görməyəcəyik”, - deyə ekspert vurğulayıb.

İlkin İbrahimov qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidmətində bütün vətəndaşların sənədli evlərinin siyahısı var. İcbari Sığorta Bürosunda isə sığorta edilən daşınmaz əmlakların siyahısı mövcuddur. Onlar elektron mübadilə ilə bu sənədləri görə biləcəklər. Yəni İcbari Sığorta Bürosu sığortasız evlərin siyahısını görə biləcək və vətəndaşlara məlumat verəcəklər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, Azərbaycanda mənzillərin əksəriyyəti kirayə verilir və əmlak sahibləri buradan gəlir əldə edirlər. Daha çox sığorta hadisələri də kirayə verilən mənzillərdə baş verir. Kirayə qalan şəxslərin hər hansı bir səhlənkarlığı nəticəsində baş verən hadisələr zamanı evə ciddi maddi zərər dəyir. Həmin əmlakın sığortası olmadığı zaman mənzil sahibi ilə icarədar arasında çəkişmələr baş verir, proses məhkəmələrə qədər gedir:

“Bakı və Abşeronda 500 mindən artıq çıxarışı olmayan fərdi həyət evləri var. Hazırda çıxarışı olmayan əmlaklar sığortalana bilmir. Əmlakın sığortalanması üçün mütləq şəkildə onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Sənədsiz evlərlə bağlı məsələ həllini tapmadığı halda gələcəkdə baş verəcək təbii fəlakətlər zamanı dəymiş zərəri dövlət ödəməli olacaq”.

Qeyd edək ki, mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.

Zaur Mirzə