Sabirabadda Zəfər Günü münasibətilə tədbirlər keçirildi - Fotolar

sabirabadda-zefer-gunu-munasibetile-tedbirler-kecirildi
Oxunma sayı: 2804

II Qarabağ Müharibəsində qazanılmış şanlı qələbənin üçüncü ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə sislsilə tədbirlər keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.

İlk öncə Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında 2023-cü il “Heydər Əliyev İli” və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konfransda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb və iştirakçıları təbrik edib. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı.

Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı. RİH başçısı Ümummilli Lider Heydər Əliyevin Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmasından, Ermənistan ordusu tərəfindən işğal olunmuş keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğaldan azad olunması məqsədilə dünyanın müxtəlif təşkilatları qarşısında qəti tələblər qoymasından, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatının başlanmasından, 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığı, mərdliyi, şücaəti nəticəsində erməni ordusunun darmadağın edilməsindən və Rəşadətli Ordumuzun tətbiq etdiyi döyüş strategiyasının müasir hərb tarixinə qızıl həriflərlə yazılmasından bəhs etmişdir. Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident  İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb.

Daha sonra Sabirabad şəhərinin Mərkəzi Meydanında 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Ata vəsiyyəti və inamlı zəfər” adlı konsert proqramı keçirilib. Rayonun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub. Tədbir zamanı Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Sabirabad Gənclər Evinin, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı və Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ilə əlaqədar “Çiçəklənən Xarıbülbül” möhtəşəm flaşmob tədbiri şəhərin mərkəzi meydanında gerçəkləşdi.

Eyni zamanda Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Horadiz maqistral avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsinin yol kənarında, Sabirabad şəhərinin park və xiyabanlarında, şəhidlərin xatirəsinə ucaldılmış kompleks və bulaqların ətrafında ağacəkmə aksiyası keçirilib. Keçirilən ağacəkmə aksiyası çərçivəsində 10000 ədəd ölkəmizin iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilib. 

Qeyd edək ki, əkilən ağacların 3000 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş, 7000 ədədi isə rayonun daxili hesabına alınmışdır ki, onlardan da 1000 ədədi meyvə ağaclarıdır.