Şair Fərqanə Mehdiyeva vəfat etdi

sair-ferqane-mehdiyeva-vefat-etdi
Oxunma sayı: 5716

Şair Fərqanə Mehdiyeva vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

Mərhum AYB üzvü, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri idi.

Fərqanə Mehdiyeva 1964-cu ildə Salyan rayonunda doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib. Yaradıcılığa erkən yaşlarından başlayıb. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edib. İlk kitabı "Çəkdiklərim mənə bəsdi" 1999-cu ildə işıq üzü görüb. Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.

F.Mehdiyevanın məşhur şeirlərindən birini təqdim edirik:

“Təndir”

Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr

Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.

Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.

Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.

Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.

Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri

Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.

Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.

Allah rəhmət eləsin!