Bu gün Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli dəyərlərimizə söykənərək keçdiyi inkişaf yolundan və bu prosesdəki ağsaqqallıq institunun rolundan, eyni zamanda müasir problem və çağırışlardan söz açıb.
Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov hesabat dövründə görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edərək rayonun ictimai-siyasi həyatında xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolu və nüfuzundan geniş söhbət açıb.
Tədbirdə çıxış edənlər Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvləri Mərəhmət Mustafayev, Xudaverdi Lazımov, Nəzakət Abdulrazaqova, Məzi Şikarov və başqaları Ulu Öndərimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Konfransda Şamaxı rayon Ağsaqallar Şurasının fəxri üzvləri və yeni idarə heyətinin tərkibi seçilib.