“Səba” Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb.
Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb: “Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar”.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir “Səba”nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Xatırladaq ki, mətbuat uzun illərdir “Səba”nı Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznesinin tərkib hissəsi kimi təqdim edir.
***
Məsələ ilə bağlı şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Səba” öz fəaliyyətini dayandırmayıb.
“Səba” ASC digər fəaliyyət istiqamətlərində olduğu kimi, quşçuluğu da 100 faiz təsisçisi özü olduğu törəmə MMC yaradıb və fəaliyyəti ona ötürüb. Hazırda “Səba” brendi ilə toyuq ətinin istehsalı davam edir. “Səba” brendi ilə toyuqların satışı davam edəcək. İstehsalatdakı əməkdaşlar da artıq həmin MMC-nin əməkdaşlarıdır. Fəaliyyətdə hər hansı dayanma və ya bağlanma yoxdur. “Səba” ASC də hüquqi olaraq öz fəaliyyətini davam etdirir”, - ASC-dən qeyd edilib.
Qeyd edək ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Son xəbərlər
Son Xəbərlər