Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nı təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, şəhərdaxili hərəkət (mobillik) planının hazırlanmasının ümumi müddəaları belədir:
“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na əsasən hazırlanıb və şəhərdaxili hərəkət (mobillik) planının hazırlanma qaydasını müəyyən edir.
Bu Qayda şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması üçün əsas prinsipləri, istiqamətləri, mobillik planının tərkibini və məzmununu, onun hazırlanması üçün zəruri olan minimum tələbləri və əsasları müəyyən edir.
Şəhərdaxili hərəkət (mobillik) planı (bundan sonra – mobillik planı) - əhalinin və ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, habelə nəqliyyat vasitələrindən (o cümlədən, velosiped nəqliyyatından), nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi üçün hazırlanmış plandır.
Mobillik planı hər bir şəhərin qüvvədə olan Baş planı əsasında hazırlanır. Mobillik planının qüvvədəolma müddəti Baş planın qüvvədəolma müddəti ilə müəyyən edilir. Baş plan olmadığı halda və ya Baş planın qüvvədəolma müddəti bitdikdə, şəhərlərin bütün ərazisi üçün mobillik planının hazırlanmasına yol verilir.
Mobillik planı yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Hər bir şəhər üçün yalnız bir mobillik planı olmalıdır.
Mobillik planı sifarişçi ilə layihələndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər (layihəçi) arasında bağlanılmış müqavilə əsasında qarşılıqlı razılaşdırılmış müddətdə hazırlanır.
Sifarişçi ilə layihəçi arasındakı müqavilə “Dövlət satınalmaları haqqında” Qanuna və mülki qanunvericiliyə uyğun bağlanılır.
Layihəçi sifarişçi ilə bağladığı müqaviləyə və sifarişçinin layihə tapşırığına uyğun fəaliyyət göstərir. Layihəçi müqavilə şərtlərinə riayət edilməsinə, layihə keyfiyyətinə, əsaslandırılmasına və razılaşdırılmasına, həmçinin layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır.
Mobillik planı ictimaiyyət üçün açıqdır. Sifarişçi hüquqi və ya fiziki şəxslərə mobillik planı ilə tanış olmaq imkanı yaratmalı və sorğu əsasında həmin sənədlərin surətini verməlidir.
Mobillik planının əsas prinsipləri
Mobillik planına aşağıdakı elementlər daxildir:
Şəhər ərazisinin funksional zonalarına görə davamlı təhlükəsiz və rahat yol hərəkətliliyinin planlaşdırılması;
Dövlət orqanları (qurumları), habelə bələdiyyələr arasında bu sahədə əməkdaşlığın təmin edilməsi;
Layihənin hazırlanması zamanı vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin təkliflərinin alınması;
Şəhərin nəqliyyat sisteminin fasiləsiz təşkili istiqamətində gələcək fəaliyyətdə uzunmüddətli baxışın və vahid yanaşmanın müəyyən edilməsi;
Ümumi istifadədə olan nəqliyyatın müxtəlif növlərinin əlaqəli şəkildə inkişaf etdirilməsinin planlaşdırılması və təşkili;
Piyadalar üçün, o cümlədən, əlilliyi olan şəxslər üçün rahat və maneəsiz infrastrukturun yaradılması.
Mobillik planının əsas istiqamətləri
Mobillik planının əsas istiqamətləri aşağıdakılardır:
Yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkət ehtiyaclarının qarşılanması və əlçatanlığının təmin edilməsi;
Müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafının və daha yaxşı inteqrasiyasının təmin edilməsi;
İqtisadi-işgüzar mühitin, insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin dayanıqlı inkişafının təmin edilməsi;
Nəqliyyat əməliyyatlarında səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması;
Şəhər ərazisindən, mövcud nəqliyyat infrastrukturundan və xidmətlərindən daha səmərəli istifadə edilməsi;
Nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin və enerji istehlakının azaldılmasının təmin edilməsi;
Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması və xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasının təşviqi istiqamətində tədbirlərin həyata keçirilməsi;
Şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.), habelə velosiped nəqliyyatının inkişafı, təşviqi və əlçatanlığı istiqamətində tədbirlərin həyata keçirilməsi.
Mobillik planının tərkibi və məzmunu
Mobillik planı hazırlanarkən aşağıdakılar nəzərdə tutulmalıdır:
Ümumi istifadədə olan nəqliyyatın inkişafının prioritet olaraq müəyyənləşdirilməsi və əhalinin nəqliyyata əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
İctimai sərnişin nəqliyyatının ən yaxın dayanacaqlarına qədər piyada gediş məsafəsinin müəyyənləşdirilməsi;
Ümumi istifadədə olan nəqliyyatın cəlbediciliyinin artırılması və ya qorunub saxlanılması məqsədilə gediş-gəliş üçün vaxt sərfinin azaldılması istiqamətinə dair tədbirlər;
Ümumi istifadədə olan nəqliyyatın digər növlərinə (metro, şəhərətrafı qatar, şəhərlərarası avtobuslar və taksilər) keçidlərin və şəhər ərazisində ümumi istifadədə olan nəqliyyatın təşkilinin nəqliyyat mübadilə mərkəzlərindən planlaşdırılması;
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolaqları;
Müntəzəm şəhərdaxili marşrutların sərnişin axınına və yol infrastrukturuna uyğun olaraq optimallaşdırılması;
Şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarının, taksi duracaqlarının və parklanma yerlərinin optimallaşdırılması;
Ümumşəhər mərkəzində, mövcud yaşayış, sənaye və istirahət zonalarının mərkəzlərində və gündəlik istifadə olunan ticarət, məişət və digər növ xidmət sahələrinin fəaliyyət göstərdiyi ərazilərdə bu Qaydada nəzərdə tutulan piyada infrastrukturunun və velosiped yollarının təşkilinin və əlçatanlığının artırılması istiqamətinə dair tədbirlər;
Nəqliyyat vasitələrinin və piyadaların hərəkət təhlükəsizliyinin nəqliyyat axınının nizamlanması vasitələrindən və xüsusi texniki avadanlıqlardan istifadə edilməklə təmin olunmasına dair tədbirlər;
Fövqəladə hallar və təcili xidmətlər üçün nəqliyyat idarəetmə tədbirləri;
Logistika fəaliyyətlərinin və yük axınlarının idarə olunmasına dair tədbirlər;
Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi ilə bağlı tədbirlər;
Yük terminallarının, şəhərlərin girişlərində yük və sərnişinlər üçün mərkəzlərin (anbar, qovşaq, keçid stansiyaları və s.) planlaşdırılması ilə bağlı tədbirlər;
Küçə və yollardan səmərəli istifadə ilə bağlı tədbirlər;
Nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin inkişaf sxemi;
Küçə və yolların təsnifatı, hərəkətin əsas xarakteristikası;
Metro və tramvay depolarının, avtobus parklarının, iri qarajların və minik avtomobillərinin dayanacaq və duracaq yerləri;
Yol-nəqliyyat qurğuları (körpülər, yolötürücüləri, tunellər və s.);
Ümumi istifadədə olan nəqliyyatın marşrut xətləri;
Piyada və velosiped yollarının əsas istiqamətləri və keçid yolları;
Nəqliyyat qovşaqlarında və müxtəlifsəviyyəli kəsişmələrdə nəqliyyat hərəkətinin təşkili;
Yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarında və bu zonalar arasında nəqliyyat və piyada hərəkətinin təşkili ilə bağlı tədbirlər;
Mobillik planında bu planın məqsədləri, bu Qaydada nəzərdə tutulan müddəalar əks etdirilməli, həmçinin təklif və həllərin əsaslandırılması qeyd olunmalıdır.
Mobillik planının hazırlanması
Mobillik planının hazırlanması mərhələləri aşağıdakılardır:
Mövcud mobillik vəziyyətinə dair məlumatların toplanılması, ictimai rəyin öyrənilməsi və təhlili;
Mobillik planının tərtib edilməsi;
Mobillik planının yekun layihəsinin ictimai müzakirə üçün təqdim edilməsi;
Mobillik planının aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılması;
Mobillik planının təsdiq edilməsi.
Mövcud mobillik vəziyyətinin təhlili üçün aşağıdakı məlumatlar toplanılır:
Ərazidə olan əhalinin sayı və yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) və nəqliyyat infrastrukturu zonalarına dair məlumatlar;
Mövcud nəqliyyat infrastrukturu, nəqliyyat parkı, nəqliyyat xidməti, avtomobil yollarında hərəkət sıxlığı, hərəkətin təşkili, marşrut xətləri və parklanma yerlərinə dair məlumatlar;
Yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yolnəqliyyat hadisələrinin nəticələrinə dair məlumatlar;
Əhali artımına görə nəqliyyat tələbinin proqnozlaşdırılması;
Nəqliyyat axınlarının və əsas yerdəyişmə istiqamətlərinin araşdırılması;
Sərnişin yerdəyişmələrinin xüsusiyyətləri, hərəkətlilik səviyyəsinə dair məlumatlar;
Əhalinin istirahətinin təşkili üçün nəzərdə tutulmuş yerlərə dair məlumatlar;
Nəqliyyatın ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsinə dair məlumatlar;
Şəhərin Baş planının materialları.
Mobillik planında aşağıdakılar öz əksini tapmalıdır:
İzahat yazısının titul vərəqində sifarişçinin və layihəçinin adı, layihənin tam adı, layihənin hazırlanması ili və ayı, izahat yazısında isə mətn materiallarının siyahısı şəklində layihənin tərkibi və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
Mobillik planında küçə-yol şəbəkəsinin, həmçinin nəqliyyat və piyada hərəkətinin inkişaf sxemləri göstərilir;
Hazırlanmış mobillik planı elektron daşıyıcıda və kağız üzərində sifarişçiyə təqdim edilir.
Aidiyyəti dövlət orqanları və qurumları mobillik planının layihəsi razılaşdırılmaq məqsədilə təqdim edildiyi gündən 30 (otuz) gün müddətində sənədlərə dair yazılı rəy verməlidir. Bu müddət ərzində onlar müvafiq rəy bildirmədikdə sifarişçi həmin orqanlarla və qurumlarla məsələni razılaşdırılmış hesab edir.
Mobillik planının hazırlanması, planın məqsədləri və ehtimal olunan təsirləri, ərazinin yenidən qurulması və ya inkişafı barədə ictimai müzakirələrin aparılması “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq sifarişçi tərəfindən təmin edilir.
Mobillik planı tam hazır olduqdan sonra 10 (on) gün müddətində Nazirlər Kabinetinə təsdiq edilməsi üçün təqdim olunur.
Mobillik planının razılaşdırıldığı orqanların (qurumların) siyahısı
Mobillik planı aşağıda qeyd olunan orqanlar (qurumlar) ilə razılaşdırılmalıdır:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
Daxili İşlər Nazirliyi;
Fövqəladə Hallar Nazirliyi;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi;
Bakı Şəhər İcra Hakimiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində);
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində);
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (aidiyyəti üzrə).